İran parçalanmaq və yox olmaq istəyirsə, Azərbaycana müdaxilə edə bilər

Ərəstun Oruclu: “Pis vəziyyətdə olan İranın bu cür təxribati addımlara yol verməsi bu dövlətin həqiqətən xəstə olmasından xəbər verir”

İran parlamentinin bir sıra üzvləri Türkmənçay müqaviləsinin yenidən baxılmasını və Azərbaycan ərazilərinin İrana birləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyirlər. Millət vəkili Kəmaləddin Pirmoazzən qanun layihəsini yaxın vaxtlarda hazırlayacaqlarını bildirib. Politoloq Ərəstun Oruclu hesab edir ki, istənilən müqavilənin şərtlərinə yenidən baxmaq, dəyişmək, korrektə etmək olar: "Söhbət Türkmənçay müqaviləsinin hüquqi tərəfindən gedirsə, bu müqavilə ikitərəflidir. İranın həmin müqavilədən təktərəfli qaydada istifadə etməyə cəhd etməsi hələlik heç nə demək deyil. Tutaq ki, İran Türkmənçayı hüquqi tərəfdən öz xeyrinə əsaslandırmağı bacardı. Bundan sonra İran Azərbaycana müdaxilə edib onun ərazisini öz tərkibinə qatmalıdır? Heç kim İrana bu imkanı verməz. İran dağılmaq, beynəlxalq güclərin hərbi müdaxiləsinə məruz qalmaq fikrindədirsə buyurub Azərbaycana müdaxilə edə bilər. Azərbaycan beynəlxalq birliyin üzvüdür və bunun həmin səviyyədə də adekvat cavabı olacaq. Ümumilikdə isə İran parlamentinin bu cəhdləri xəstə məntiqdir. Pis vəziyyətdə olan İranın bu cür təxribati addımlara yol verməsi bu dövlətin həqiqətən xəstə olmasından xəbər verir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00