Müxalifətin İran gizlinləri - SİYASİ ANALİZ

İqtidar opponentləri Tehrandan dəstək almağa çalışırlar

Siyasi islamın fəallaşması artıq faktdır. Bir neçə il öncəyə kimi yalnız məscidlərdə toplaşan, öz narazılıqlarını ibadətgahlarda aparılan söhbətlərdə ifadə edən dindarlar artıq aksiya keçirməyə başlayıblar. Bir müddət öncəyə kimi dindarlar məktəblərdə hicab qadağası və məscidlərin təmirinə etiraz olaraq piketlərlə kifayətlənərdilər. İndi durum dəyişib. Artıq böyük aksiyalardan, 700 minlik elektorat iddialarından danışılır. Dünən həbsdə olan islamçı liderlərdən biri Abgül Süleymanovun müraciəti yayılıb. Müraciətində Hacı Abgül Süleymanov Azərbaycanda İslam müqavimət hərəkatına rəhbərlik edəcəyini qeyd edir, hicab mübarizəsinin davam edəcəyini bildirir: "Azərbaycanda yaranmış İslam hərəkatının vəziyyətinə özümüz nəzarət edəcəyik. İslam fitri dindir. Kim bu dinə qəlbən bağlıdırsa, onun səlahiyyəti var dinin qeyrətini çəksin. Biz imkan verməyəcəyik ki, müqəddəs İslam dini naməhrəmlərin əlində oyuncaq olsun. Gec - tez Azərbaycanda müqavimət hərəkatına və islamın rəhbərliyinə özümüz nəzarət etməliyik". İlahiyyatçı Taleh Bağırovun həbsdən azad olunmasını da tələb edib, dindarları siyasi mübarizəyə səsləyib. Başqa bir din adamı, Nardaran kəndinin ağsaqqallarından biri olan Məşədi Natiq də siyasi bəyanatla çıxış edib. Müxalifət mətbuatına verdiyi müsahibəsində Məşədi Natiq siyahi hakimiyyətə qarşı fikirlər səsləndirir. İstər Abgül Süleymanovun, istərsə də Natiq Kərimovun açıqlamalarında sağ müxalifətlə əməkdaşlıq, hətta prezidentliyə vahid namizəd məsələsinin müzakirəsi yer alır. İrandan himayə olunan dindarların bəyanatlarında sağ müxalifətin təsiri aşkar hiss olunur. Aydınca görünür ki, əksəriyyəti savadsız mollalar olan bu adamlara tezisləri siyasi müxalifət verir. Çünki onların danışdıqlarının çoxu absurddur və siyasi xətalarla doludur. Məsələn, dindarlar deyir ki, onlar hicab uğrunda, insanların dini inancları sərbəst icra etmələrindən ötrü mübarizə aparırlar. Azərbaycan dünyəvi dövlətdir, səlahiyyət sahibi hakimiyyət olduğundan dini icmalar müxalifətlə deyil, rəsmi qurumlarla əməkdaşlıq etməlidirlər. İrandan idarəolunan dini icmalar isə müxalifətlə əməkdaşlığa üstünlük verirlər. Azərbaycanda dindar kəsimi, dini icmaları siyasi oyunlara zatən müxalifət cəlb edib. Dindarların 2000-ci, 2003-cü, 2005-ci il seçkiləri ərəfəsində Nardaranda, mərkəzdə keçirdikləri aksiyaların əksəriyyəti müxalifətə dəstək məqsədi güdürdü. 2003-cü ilin 16 oktyabrında "Azadlıq" meydanında əyilib torpağı öpən nardaranlı məşədilər idi. Həmin vaxt İranın məşhur və mənfur telekanalı olan "Səhər-2" də müxalifətin namizədinə dəstək verirdi. 2005-ci ildən Bakıda və Cənub bölgəsində fəaliyyətdə olan İrana meylli dindarları AXCP-ni dəstəkləməyə başladılar. AXCP lideri vaxtaşırı İranın dini lideri və başqa nüfuzlu din alimləri barədə yüksək fikirlər səsləndirir. AXCP funksionerləri "İran türklərin dövlətidir", "İranı türkləşdiməliyik, bütövlüyünü qorumalıyıq" kimi cəfəng fikirlər səsləndirirlər. Bütün bunlar, daxildə İranpərəst qüvvələrin dsətəklənməsi, onlara piar imkanlarının yaradılması İrana edilən reveranslardır. AXCP-Müsavat ittifaqı, El hərəkatI, Ziyalılar forumu bununla seçkiöncəsi İrandan həm maddi, həm təşkilati dəstək almaq, payızda ölkədə siyasi qarışıqlıq yaratmaq məqsədi güdürlər. Ötən ilin aprel aksiyaları göstərdi ki, sağ müxalifət gücsüzdür. Onlar dağılmış sosial bazanı islamçılarla kompensasiya etməyə çalşırlar.
 

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00