Abgül Süleymanov dindarları qızışdırır
Qabil Hüseynli: “Müxalifət daxilindəki ziddiyyətlər, şəxsi ambisiya zəminində yaranmış fikir ayrılığına görə belə çağırışlar müxalifləri birləşdirməyəcək”
9 Aprel 2013 15:12 SiyasətHəbsdə olan ilahiyyatçı alim Abgül Süleymanov "Azadlıq" qəzetinə məktub göndərib. Müraciətində Hacı Abgül Süleymanov Azərbaycanda "İslam Müqavimət Hərəkatı"na rəhbərlik edəcəyini qeyd edir. Gec - tez Azərbaycanda "Müqavimət Hərəkatı"na və İslamın rəhbərliyinə özümüz nəzarət etməliyik". İslam alimlərini birliyə çağıran A.Süleymanov Azərbaycanda köklü dəyişikliklər baş verməyəcəyi təqdirdə, dindarları siyasi müxalifətlə birlikdə mübarizə aparmağa çağırıb. Siyasi analitiklər hesab edirlər ki, Abgül Süleymanovun çağırışında Azərbaycanda dini hakimiyyətin yaradılmasına cəhd elementləri var. "Siyasi Partiyalar Haqqında" qanuna görə Azərbaycanda dindarların siyasətlə məşğul olmasının qadağan edildiyini deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə dindarlar yalnız insanlar arasında dini biliklərin təbliği ilə məşğul olmalıdırlar: "Abgül Süleymanovun çağırışına isə nə dindarlar, nə də ki, müxalifət müsbət cavab verəcək. Çünki, müxalifət daxilində o qədər ziddiyyətlər, şəxsi ambisiya zəminində yaranmış fikir ayrılığı var ki, belə çağırışların müxalifəti birləşdirəcəyinə heç bir köməklik göstərilməyəcək. Dindarların isə Azərbaycan daxilində yalnız İslami bilikləri təbliğ etmələri daha məqsədəuyğundur". ("OLAYLAR" İA)