İranda türk hakimiyyətnin bərpa olunması tarixi zərurətdir - AÇIQLAMA
Əkbər Qoşalı: “40 milyondan artıq Güney Azərbaycan türkünü hüquqlarından məhrum edən fars rejimi artıq bundan narahat olmağa başlayıb”
9 Aprel 2013 12:55 Siyasət"İranda türklərin hakimiyyətə gəlməsinin tarixi zərurət olması haqqında KİV-də tirajlanmaqda olan fikirlərə biganə deyiləm. Hesab edirəm ki, bu və bənzəri fikirlər, ilk növbədə İranda hakim rejimin demokratik mahiyyətdən uzaq olması, özəlliklə, öz tarixi vətənlərində yaşayan 40 milyondan artıq Azərbaycan türkünün ana dilində təhsil alma və bundan qaynaqlanan hüquqlardan məhrum olmasından irəli gəlir". Milli QHT Forumu İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı "OLAYLAR"a açıqlamasında belə deyib. Ə.Qoşalının sözlərinə görə siyasi mütəxəssislər İranda türk hakimiyyətinin bərpa edilməsinin mütləq olduğu qənaətindədirlər: "Yəni uzun illər boyu çözülməyən sorunların bu gedişatla çözüm yolunu görməyən fikir adamları, müşahidəçilər - İranı öyrənən, bilən aydınlar çıxış yolu kimi məhz bu fikrə gəlirlər. Bu fikirdən, ümumən bu fikrin səsləndirildiyi məlum toplantıdan narahat olan, hətta bir ictimai fikir toplantısına "nota" ilə münasibət bildirən İran hakimiyyəti, özünə sual etməlidir: bu fikir niyə yaranır, insanlar niyə ən adi haqlarını istəyirlər? Azərbaycan türklərinin İranın əldə etdiyi uğurlarda yeri, rolu və mövcud durumları nə dərəcədə müqabildir? Deyilə bilər ki, İranda filan önəmli vəzifəni icra edən insanın milliyyəti türkdür, lakin unutmaq olmaz ki, söhbət rejimə qulluq edən bir türkün hansısa vəzifəni tutmasından getmir, söhbət illərlə yığılıb qalmış milli sorunların çözümündən, münasibətsizliklərin olumlu münasibətə çevrilməsindən gedir. Əks təqdirdə, dar ağacları belə "təhlükeyi-darvazeyi İran" situasiyasını dəyişdirə bilməyəcək. Çünki XXI əsrdə yaşayırıq, ağalar! - Hər nə qədər siz başqa təqvimlə işləsəniz də!". ("OLAYLAR İA")