Bakıda keçirilən Dünya İqtisadi Forumu Türkiyə mətbuatının diqqət mərkəzində
8 Aprel 2013 23:03 SiyasətBakıda keçirilən "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) Türkiyənin nüfuzlu kütləvi-informasiya vasitələrinin diqqət mərkəzindədir.
AzərTAc xəbər verir ki, Bakıdan hər saat canlı reportajlar yayımlayan Türkiyənin "Kanal 7" televiziyasının "Haber 7" internet saytında yerləşdirilmiş "Əliyev Azərbaycan ilə bağlı bütün məlumatları açıqladı" başlıqlı xəbərdə bildirilir ki, Azərbaycan Prezidenti Dünya İqtisadi Forumunun açılışındakı çıxışında son 10 ildə Azərbaycanın sürətli sosial və iqtisadi inkişafı ilə əlaqədar faktları açıqlayıb. Azərbaycan dövlətinin başçısı bildirib ki, aparılmış ardıcıl islahatlar nəticəsində işsizliyin səviyyəsi 2,5 faizə, inflyasiya 1 faizə, yoxsulluq isə 6 faizə düşüb.
Digər nüfuzlu televiziya kanalları - "SkyTürk", NTV, CNNTürk, BloombergHT, "24 Haber" Bakıdan operativ xəbərlər verib, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızın Dünya İqtisadi Forumundakı çıxışlarının xülasəsini yayımlayıblar.
Türkiyənin "Anadolu", "Cihan" və "İhlas" xəbər agentliklərinin internet saytlarında da Bakıda keçirilən Dünya İqtisadi Forumundan xəbərlər və fotoşəkillər yerləşdirilib. Bu xəbərlər "Hürriyyət", "Milliyyət", "Zaman", "Star" və digər qəzetlərin də ən mühüm informasiyaları arasında yer alıb.
Bütün xəbər və reportajlarda bu mötəbər Forumun Azərbaycan paytaxtında keçirilməsinin ölkəmizin regionun və dünyanın nüfuzlu dövlətinə çevrildiyinin göstəricisi olduğu vurğulanıb.