İranın qorxulu Güney Azərbaycan planı: Xamneyi türkləri ABŞ ordusuna qırdırmaq istəyir - AÇIQLAMA
Cümşüd Nuriyev: “Güney Azərbaycanda yetişən türk gəncliyi fars rejiminin devrilməsini dəstəkləyir”
8 Aprel 2013 16:08 Siyasət"On ildən çox müddətdir davam edən bu problemi nizamlamaq üçün görüşmələrə davam edəcəyik. Ancaq bu iş sonsuza qədər belə getməz. Yəni müzakirə qapısı açıqdır, amma bu da hər zaman açıq qalacağı mənasına gəlməməlidir!" ABŞ dövlət katibi Con Kerri yerli mətbuata açıqlamasında belə deyib. "Son zamanlarda ABŞ-İran münasibətlərində istiləşmə müşahidə edilir. Rəsmi Vaşinqton çalışır ki, Mahmud Əhmədinejad hakimiyyətdən getsin və onun yerinə radikal olmayan prezident seçilsin. ABŞ-da fəaliyyət göstərən ən güclü lobbilərdən biri farslara məxsusdur". Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev belə deyib. C.Nuriyevin sözlərinə görə fars lobbisi İranda bütün hakimiyyət və dini sistemin dəyişilməsinə çalışır və ABŞ rəsmilərinin bəyanatlarının arxasında fars lobbisi dayanır: "Siyasi, iqtisadi pozğunluqlar, daxildə İslam qaydalarının aparıcı rolunun itməsi İran daxilində böyük problemləri qabartmağa başlayıb. Şimali Koreya kimi İran da düşünür ki, problemləri yalnız hərbi yollarla qaldırmaq olar. Həmçinin İran daxilində baş qaldıran etniklərin azadlıq hərəkatı da fars hakimiyyətini ciddi narahat edir. Necə ki, 80-ci illərdəki İran-İraq müharibəsində fars rejimi cənnətə getmək adı altında 10-15 yaşlı türk uşaqlarını minalanmış ərazilərdə məhv etdi. Molla rejimi də yenidən həmin siyasətdən istifadə etməyə çalışır. Çünki, Güney Azərbaycanda yetişən türk gəncliyi fars rejiminin əleyhinədir. Bu istiqamətdə də fars rejimi ABŞ-ı İrana hərbi müdaxilə etməyə sövq edir. ABŞ-ın isə İrana müdaxilə etməyə nə hərbi, nə də ki, siyasi gücü yoxdur. Kifayət qədər maliyyə problemləri olan ABŞ həmin planı həyata keçirəcəyi təqdirdə çökə bilər. İran da bunu yaxşı bildiyi üçün tez-tez Amerikanı şantaj edir. Dövlət katibinin tez-tez bu cür bəyanatlar səsləndirməsi isə onu göstərir ki, Con Kerri İrana qarşı daha radikal mövqe tutur. Barak Obamadan fərqli olaraq Kerri İrana hərbi müdaxilə etməyin tərəfdarıdır. Bunu həmçinin Con Kerrini dəstəkləyən Amerikada silah istehsal edən şirkətlər də istəyirlər. Amerikanın İrana müdaxilə edib ya etməyəcəyi hələlik sual altındadır, amma bu amil istisna edilmir. ABŞ İranı parçalamaq siyasətini həyata keçirmək üçün bu dövlətə müdaxilə etməyə hazırdır". ("OLAYLAR" İA)