ABŞ Ermənistan-Türkiyə iqtisadi əlaqələrinə maliyyə vəsaiti ayırıb - AÇIQLAMA

Tənzilə Rüstəmxanlı: “ABŞ-ın dəstəyilə İrəvanda keçiriləcək iqtisadi forum Ermənistan-Türkiyə sərhədlərinin açılmasına xidmət edir”

Zərdüşt Əlizadə: "ABŞ-ın İrəvanda keçirdiyi iqtisadi forum dünyada sülhün bərqərar olmasına xidmət edir"

İrəvanda Ermənistan və Türkiyədən olan qadın sahibkarların "Ticarət və iqtisadi əlaqələrin qurulması" mövzusunda forumu keçiriləcək. Tədbir "Qadın Forumu" və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Müəssisələrin və Bazarın Rəqabət Qabiliyyətliliyin İnkişafı Proqramı tərəfindən təşkil olunub. ABŞ-ın dünyada mövcud olan bütün münaqişələrin sülh yolu ilə tənzimlənməsinə çalışdığını deyən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə Ağ Ev dünyada sülh potensialını artırmaq üçün iqtisadi imkanlardan məharətlə istifadə edir: "Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfində olan ABŞ çalışır ki, cəmiyyətin bütün kateqoriyaları, o cümlədən erməni-türk qadın sahibkarları arasındakı əlaqələri qaydasına salsın. Bunun üçün də rəsmi Vaşinqton erməni və türk qadınlarına maliyyə vəsaiti ayırıb. Bu tamamilə ABŞ-ın siyasi strategiyasına uyğun olan tədbirdir və tamamilə dünyada sülhün bərqərar olmasına xidmət edir!"

"ABŞ-ın dəstəyi ilə İrəvanda keçirilən iqtisadi forum siyasi xarakterə malikdir. Rəsmi Vaşinqton bu gün ciddi səylə Ermənistan-Türkiyə sərhədlərinin açılmasını dəstəkləyir!". Məsələyə münasibət bildirən Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı belə deyib. T.Rüstəmxanlı hesab edir ki, iqtisadi forumun İrəvanda keçirilməsi erməni-türk sərhədlərinin açılmasına xidmət edir: "Bu amilin ayrı bir siyasi, nə də ki, iqtisadi şərhi yoxdur. Son zamanlarda Türkiyədə bu açılımdan dolayı tez-tez bu cür fikirlər səsləndirilir. İqtisadi forum və digər faktorlar sonrakı proseslərdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasında əsas faktlar kimi ortaya qoyulacaq. ABŞ da məhz sərhədlərin açılması üçün ilk növbədə Ermənistan və Türkiyə arasında iqtisadi və ticari əlaqələrin qurulmasına səy göstərir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00