Müsavat birliyə mane olur - SİYASİ ŞƏRH
İctimai Palata bölünə, AXCP El hərəkatı ilə ittifaq yarada bilər
8 Aprel 2013 15:53 SiyasətMüxalifət düşərgəsində birlik axtarışlarının getdiyi bir vaxtda Müsavat Partiyasının rəhbərləri inteqrasiyaya mane ola biləcək açıqlamalar veriblər. Müsavat başqanı İsa Qəmbərin və Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mətbuata müsahibələrində birliyə çalışmaq meyləri yoxdur, əksinə dezinteqrasiya tendensiyası aşkar hiss olunur. Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya Məclisinin toplantısında çıxışında partiyasının hər zaman demokratik qüvvələrin birliyinin tərəfdarı olduğunu, amma "gerçək müxalifət"lə əməkdaşlıq edəcəklərini bildirib. Onun sözlərinə görə, Müsavat "mübarizəni imitasiya edən saxta müxalifətlə" birliyə getməyəcək. Müsavat başqanının kimləri nəzərdə tutduğu aydındır. Dəfələrlə Müsavat tərəfindən bəyan olunub ki, ALP, AVİP, Ümid, hətta AMİP-i real müxalifət hesab etmirlər. Müsavat yalnız İctimai Palata daxilində əməkdaşlığı əlverişli sayıb. Bu baxımdan Müsavatın "Səkkizlər" çərçivəsində əməkdaşlığı real deyil və aşkar görünür ki, bu partiya müxalifət daxilində monopoliyanı davam etdirmək niyyətindədir. Müsavatın bu siyasəti nə müttəfiqi AXCP-nin, nə də yeni yaranmış El hərəkatının birlik axtarışlarına, inteqrasiya siyasətinə uyğun gəlmir, hətta zərbə vurur. Məlumdur ki, AXCP bütün müxalif gücləri bir araya gətirmək xətti tutub. Xalq Cəbhəsinin sədri islamçıların sağ müxalifətlə birliyinə daha çox nail olmaq niyyətindədir. Bu amacla o, hətta İranın dini lideri Xamneyiyə təriflər deməkdən də çəkinmir. AXCP funksionerləri sosial şəbəkələrdə İranın dini rəhbərlərinin, nüfuzlu mollalarının sitatlarını paylaşırlar. Bütün bunlar Bakı və cənub bölgəsindəki radikal şiələrin AXCP ətrafında birləşməsinə nail olmaq üçündür. Belə bir durumda Müsavatın inteqrasiyaya zidd addımları təəccüblüdür. Müsavat başqanının müavini Arif Hacılı mətbuata müsahibəsində İsa Qəmbərin müxalifətdən yeganə prezidentliyə namizəd olduğunu bildirib. Onun fikirləri Müsavatın maraqlarına uyğundur və dolayısı ilə bildirir ki, əsas məsələ müxalifətin yox, Müsavatın uğur qazanmasıdır. "Düşünürəm ki, seçki yaxınlaşdıqca, xüsusilə, seçki kampaniyası dövründə müxalifətin real namizədinin kim olduğu daha aydın şəkildə görünəcək. Ancaq müxalifətin vahid namizədi olmaya da bilər. Əgər müxalifət partiyaları vahid namizəd müəyyənləşdirə bilməyəcəksə, Azərbaycanın protest elektoratı müxalifətin vahid namizədini 2003-cü ildə olduğu kimi, 2013-cü ildə də müəyyən edə biləcək". On il bundan öncə baş verən hadisələri qabardan Arif bəy demək istəyir ki, bu il də İsa Qəmbər "Bizim Azərbaycan" blokunun on il öncəki uğurlarını təkrarlaya biləcək. Lakin A.Hacılı bir nüansı nəzərə almır ki, Müsavatın 10 il bundan öncəki gücü, resursu yoxdur. Nəinki müttəfiq partiyalar, hətta aparıcı funksionerlərin xeylisi bu gün İsa Qəmbərin yanında deyil. "Mən tam əminliklə deyirəm ki, 2013-cü il prezident seçkilərində protest elektoratın namizədi İsa Qəmbər olacaq. Bunu təkcə Müsavat Partiyasının rəhbər şəxsi kimi yox, həm də seçki mütəxəssisi kimi deyirəm". Müsavat rəsmisinin bu açıqlaması göstərir ki, partiya inteqrasiya naminə güzəştlərə hazır deyil və birincilik intriqasını davam etdirəcək. Müsavat rəhbərlərinin ritorikası onu deməyə əsas verir ki, partiyanın seçki siyasəti reallığa, gerçək resurslara deyil, keçmişdəki uğurların nostalgiyasına əsaslanır. "10 il öncə güclü olmuşuq, bu il də olacağıq" məsələyə real yanaşma deyil. Müsavat siyasi tərsliyini davam etdirərsə, AXCP və El hərəkatı bu partiya ilə prinsipial əməkdaşlığı kəsə bilər. Artıq kuluarlarda AXCP-El hərəkatı ittifaqına dair söhbətlər var. Böyük birlik danışıqları alınmasa, bu iki qüvvə seçkiyə Müsavatsız gedə bilər.
Ərhun Abbas