Türk dünyasını səfərbər etməyə qadir olan lider

Heydər Əliyevin türk birliyi ideyası günümüzdə realliğa çevrilir

XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik qazanan Azərbaycan xalqı əldə etdiyi azadlıqdan nə qədər qürur duyur və bunun şirinliyini dadırdısa da, bir o qədər də bir siyasi sistemdən digər siyasi sistemə keçid zamanı meydana çıxan çətinliklərlə üzləşir, bu çətinlikləri dəf etməyə çalışırdı. Lakin həmin illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələrin mövcud problemləri aradan qaldırmaq iqtidarında olmaması xalqın vəziyyətini getdikcə daha da ağırlaşdırırdı. 1992-93-cü illərdə ölkədə yaranan anarxiya və xaos Azərbaycanı idarəolunmaz vəziyyətə gətirib çıxarmaqla yanaşı, ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev zəngin idarəçilik təcrübəsi və gərgin əməyi sayəsində ölkədəki başıpozuqluq, anarxiya və xaosun qarşısını aldı, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Ölkədə siyasi sabitliyi bərqərar etdikdən sonra isə ümummilli liderin qarşısında dayanan başlıca vəzifə Azərbaycanı inkişaf etdirmək, onu dünya miqyasında tanıtdırmaq idi.

Gərgin əməyi və peşəkar siyasi gedişləri ilə ölkədə sabitliyi təmin edən ümummilli lider sonrakı dövrdə Azərbaycanı müəllifi olduğu uğurlu neft strategiyası və "Əsrin müqaviləsi" ilə inkişaf etdirməyə nail oldu. Qərbin nüfuzlu neft şirkətləri ilə aparılan danışıqlar və onların Azərbaycana cəlb edilməsi 1994-cü il, sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə nəticələndi.  Burada diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, ümummilli lider "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmaqla bir tərəfdən Azərbaycanın gələcək inkişafının konturlarını müəyyənləşdirmişdisə, digər tərəfdən bununla türk birliyinin konsepsiyasını hazırlayırdı. İstər Bakı-Tbilisi-Ceyhan neft, istərsə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində daim Türkiyə ilə eyni maraqları bölüşən Azərbaycan layihələrin gerçəkləşməsində də iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə dəstəkləyirdi. Həmin illərdə sözügedən layihələri reallaşdırmaq üçün o qədər maddi imkanlara malik olmayan Azərbaycan başqa dövlət və maliyyə təşkilatlarının vəsaitləri hesabına inşa olunacaq, neft-qaz kəmərlərinin qardaş Türkiyənin ərazisindən keçməsinə israr etdi və buna nail oldu.

Türk birliyinin həyata keçməsi istiqamətində Heydər Əliyev türkdilli ölkələrin zirvə toplantılarının keçirilməsinə xüsusi önəm verirdi. Heydər Əliyev türkdilli dövlətlərin zirvə toplantılarının fəaliyyətini təhlil edərək bildirirdi ki, mövcud əlaqələrdən istifadə edərək tarixi irsimizi, keçmişimizi canlandırmaq və onun əsasında xalqlarımızı daha da yaxınlaşdırmaq dünyada mürəkkəb proseslər getdiyi indiki zamanda çox mühümdür. Heydər Əliyev türkdilli ölkələrin zirvə toplantılarında türk dünyasını səfərbər etməyə, onun qarşısında duran vəzifələri dəqiqliklə müəyyənləşdirməyə, milyonlarla insanı öz arxasınca aparmağa, onların arzu və istəklərini reallaşdırmağa qadir olan müdrik və həqiqi lider obrazında görünürdü. Ulu öndər türkdilli ölkələrin zirvə görüşləri zamanı etdiyi çıxışlarda bir qayda olaraq türkdilli xalqları birliyə, həmrəyliyə çağırırdı. Ümummilli lider Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllındə türk dünyasınm imkanlarından istifadə etməyi, türk dünyasının qüvvələrini birləşdirməyi zəruri sayırdı  Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf  etməsində Türkiyənin rolunu xüsusilə həmişə yüksək qiymətləndirirdi. Ümummilli lider Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkü "iyirminci əsrin bəşəriyyətə verdiyi böyük dühalardan" biri hesab edirdi. Təsadüfi deyil ki, Heydər Əliyev Atatürkə, Türkiyəyə, ümumilikdə türk dünyasına ehtiramının nəticəsi olaraq 2001-ci ildə Azərbaycanda Atatürk Mərkəzinin yaradılması barədə sərəncam imzaladı. Bu ümummilli liderin Türkiyəyə, türk dünyasına, onun birliyinə nə qədər önəm verdiyini bir daha təsdiqləyirdi. Elə bu kimi fəaliyyətlərin nəticəsi idi ki, Heydər Əliyev  hələ 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdü. Mükafatın təqdimetmə mərasimində ümummilli liderin çıxışı zamanı söylədiyi fikirlər isə bu dahi şəxsiyyətin  Atatürkə, türk dünyasına nə qədər bağlılığını özündə ehtiva edirdi: "Mən bu gün böyük həyəcan içindəyəm, çünki Türkiyə dövlətinin qurucusu, böyük öndər Atatürkün adını daşıyan beynəlxalq sülh, barış mükafatıııa layiq görülmüşəm. Bu mükafatı mənə belə təntənəli şəraitdə,  ən yüksək vəzifəli şəxslərin iştirakı ilə Türkiyə Cümhuriyyətinin başçısı, əziz dostum, qardaşım Süleyman Dəmirəl təqdim etdi. Mən həyatımda çox mükafatlar almışam. Ancaq Türkiyə  Cümhuriyyətinin banisi, böyük öndər Mustafa Kamal Atatürkün adını daşıyan sülh mükafatını almaq mənim üçün böyük şərəfdir. Bu mükafat indiyə qədər aldığım mükafatlarm hamısından yüksək və qiymətlidir". Bu da onu deməyə əsas verirdi ki, Heydər Əliyevin Türk dünyasının birliyi yolunda böyük xidmətləri Türkiyədə də layiqincə qiymətləndirilirdi. Heydər Əliyev tarixi Türküstan ərazisində yerləşən Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan ilə də müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə  xüsusi diqqət yetirir, bunu xarici siyasətdə əsas istiqamətlərdən biri hesab edirdi. Heydər Əliyevin həmin türk regionunun dövlət xadımləri, siyası-ictimai liderləri ilə sovet dövründəki sıx əlaqələri yeni münasibətlər sistemində ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulmasına öz müsbət təsirini göstərirdi. Bu müsbət tendensiya Heydər Əliyevin türk birliyi ideyasının reallaşmasına təkan verirdi. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə Orta Asiya respublikalarına səfərləri zamanı keçirdiyi hər bir görüşdə ümummilli lider türkdilli dövlətlərin birlik və bərabərliyinin vacibliyini vurğulayırdı.

Sevindirici haldır ki, Heydər Əliyevin arzuladığı və bu istiqamətdə ciddi-cəhdlə çalışdığı ümumtürk birliyi ideyası bu gün də uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin bu ideyanı uğurla davam etdirməsi Azərbaycanı türk dünyasının lokomotivinə çevirib. Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli  dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir.  Dövlət başçısının 2004-cü ildə, prezidentliyinin ilk ilində Türkiyə ilə yanaşı, Qazaxıstan və Özbəkistana səfər etməsi də, cənab prezidentin bütövlükdə türkdilli xalqlar arasında birliyin gücləndirilməsində maraqlı olduğunu təsdiqləyirdi.  Təsadüfi deyil ki,  Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Azərbaycanda keçirilməsi də bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən hadisə sayılırdı. Məlumat üçün qeyd etmək yerinə düşər ki,  hələ türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı zamanı Prezident İlham Əliyev növbəti toplantının Bakıda keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. İlk dəfə olaraq Türkiyədən kənarda keçirilən bu qurultay Azərbaycanın türk dünyasındakı önəmini ortaya qoyurdu.

Bu gün yeni dünya düzənində vahid güc, ortaq maraqlar, milli birlik türk dövlətlərinin timsalında özünü büruzə verməkdədir. Hazırda dünyadakı qaz ehtiyatlarının 22 faizinə sahib olan türk dövlətləri, eyni zamanda, qlobal enerji dəhlizlərinin sahibinə çevrilməkdədir. Türk dövlətlərinin tarazlaşdırılmış enerji diplomatiyası Avropada belə bir inam yaradır ki, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ən mükəmməl və yeganə geoiqtisadi vasitədir. Çünki Xəzər dənizinin neft-qaz ehtiyatlarının, eləcə də "Şahdəniz" qazının nəqli coğrafi ərazi baxımından türk dövlətləri birliyinin təməlini qoymaqla bölgədə bu dövlətlərin siyasi qüdrətinin, iqtisadi inkişafının artmasına təkan verir. Heydər Əliyevin hazırladığı neft strategiyasının istiqamətlərindən olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin davamı olan Türkiyə-Yunanıstan-Adriatik dəhlizinin yaradılması da türk dövlətlərinin vahid iqtisadi məkanının formalaşması üçün əsas təməldir.  TANAP kimi önəmli layihənin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması barədə razılığın əldə olunması türk xalqlarını daha da birləşdirir, ölkələrimizə əlavə maliyyə resursları gətirir. Eləcə də daha böyük mənada əməkdaşlıq, birlik və həmrəylik nümunəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi təkcə Azərbaycanla Türkiyəni deyil, həmçinin Türkiyəni Orta Asiya, Qazaxıstanla dəmiryolu vasitəsilə birləşdirəcək ki, bu da türkdilli dövlətlərin birgə əməkdaşlığının gözəl və perspektivli nümunələrindəndir. Bütün bunlarla yanaşı müasir dövrümüzdə TürkPA, TÜRKSOY-un yaranması, ortaq əlifbanın, tarixin, televiziya kanalının hazırlanması, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması və bu kimi digər addımlar türk birliyini əks etdirir.

Hazırda aparıcı dünya dövlətlərinin regiondakı siyasətini məhz Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə nəzərən müəyyənləşdirməsi Prezident Ilham Əliyevin Azərbaycamn müstəqilliyinin möhkəmləndirməsi yolunda apardığı gərgin işin əməli nəticəsi hesab oluna bilər. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihəsi faktiki olaraq təkcə Azərbaycamn deyil, ümumilikdə Cənubi Qafqaz-Mərkəzi Asiya regionunun gələcək taleyi, habelə Avropanm enerji təhlükəsizliyi  baxımından strateji əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan Qərbə inteqrasiya kursu seçmiş türkdilli dövlətlərin iqtisadi əməkdaşhğının uğurlu göstəricisi olmaqla yanaşı, həm də enerji təhlükəsizliyi modelinə çevrilməkdədir. Tarixi İpək Yolunun bərpası, Avropa Birliyi tərəfındən ciddi dəstək alan TRASEKA layihəsi, Şərq-Qərb nəqliyyat dəhlizi layihələri respublikamızın Orta Asiyanın türkdilli xalqları üçün geosiyasi önəmini daha da artırır.

Süleyman İsmayılbəyli

Yazı Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin "Müasir Azərbaycanın inkişafında və Türk dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu" mövzusunda keçirdiyi yazı müsabiqəsinə təqdim edilir

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00