Azərbaycana xəyanət yolunu tutmuş İbrahimbəyov - SİYASİ ŞƏRH
Kinorejissorun ermənipərəst mövqeyinin səbəbi nədir?
5 Aprel 2013 18:34 SiyasətSon vaxtlar Azərbaycan dövləti sanki bəzi "ziyalılar" tərəfindən səlib yürüşünə tuş gəlib. Azərbaycan Ziyalılar Forumu adlanan qurumda təmsil olunanlardan bir neçəsinin Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi yaratmasının ardından Əkrəm Əylislinin bədnam "Daş yuxular" romanının üzə çıxması, eləcə də mədəniyyət sahəsində artıq özünü tapa bilməyən Rüstəm İbrahimbəyovun kimlərinsə göstərişi ilə siyasi proseslərə baş vurması, bununla kifayətlənməyərək dövlətçilik əleyhinə fəaliyyətləri dəstəkləməsi deyilənləri təsdiqləmiş olur. Hələlik ilk iki "ziyalı" Azərbaycan dövlətçiliyi əleyhinə yönəlmiş hərəkətlərinə müəyyən korrektələr etsələr də, lakin mədəniyyətlə siyasət arasında var-gəl edən Rüstəm İbrahimbəyov antiAzərbaycan siyasətini davam etdirməkdə israrlı görünür. Bu günlərdə onun daha bir "bomba" partlatmasının timsalında bunu görmək mümkündür. Belə ki, Rüstəm İbrahimbəyov Rusiyanın "Rosbalt" agentliyinə verdiyi müsahibəsində Azərbaycana qarşı düşmənçilikdə həmfikir olduğu Əkrəm Əylislinin yolunu davam etdirib. O, sözügedən müsahibədə özünün əsl ermənipərəst simasını tam açıqlığı ilə nümayiş etdirib. (Burada maraqlı və diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, bu kimi ermənipərəst mövqenin ortaya qoyulmasında Rusiya bir növ vasitə rolunu oynayır. Əkrəm Əylislinin məlum romanının Rusiyada çap edilməsi, eləcə də İbrahimbəyovun ermənipərəst müsahibəsinin Rusiya mətbuatında çap edilməsi kifayət qədər düşündürücü sayıla bilər)
Erməni xiffəti çəkən "ziyalı"
"Rosbalt"a müsahibəsində Rüstəm İbrahimbəyov nə qədər acı da olsa Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən şikayətlənir və bu ərazinin Azərbaycandan daha çox Ermənistana aid olması barədə fikirlər bildirir. Mədəniyyətlə siyasətin sintezini özünü əks etdirən kinorejissor utanmadan erməniləri münaqişənin qurbanı hesab edir. Əslində Rüstəm İbrahimbəyovdan başqa bir fikir eşitmək də sadəlövhlük olardı. Çünki "məşhur" kinorejissorun yaxın keçmişdə ermənilərə olan sevgisi əksəriyyətə bəllidir. Hələ ötən əsrin 80-90-cı illərində kinorejissor ermənilərin Bakını tərk etməsindən təəssüfünü də gizlətməmişdi. O zaman Rüstəm İbrahimbəyov utanmadan ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitasının olmadığını iddia etmişdi. O zaman Rüstəm İbrahimbəyov Azərbaycan ziyalısına yaraşmayan şəkildə bildirirdi ki, o, Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayır.
Kinorejissoru Daşnak Partiyası ilə nə bağlayır?
Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağdan olan və Daşnak Partiyasına bağlılığı ilə tanınan rejissor Roman Balayanla da sıx əlaqələri olub. Hətta İbrahimbəyov Roman Balayanla birlikdə film çəkməkdən də imtina etməyib. Sonradan isə kinorejissor əli minlərlə azərbaycanlının qanına batmış Ermənistan Daşnak Partiyasının rəsmisini həımkar adı ilə Bakıya dəvət edib. Rusiya, Fransa, Birləşmiş Ştatlarda tez-tez səfərlərdə olan Rüstəm İbrahimbəyovun bu ölkələrdəki erməni dostları ilə görüşdüyü, onlarla yaxın təmaslara malik olduğu da artıq cəmiyyətə bəllidir.
Bütün bunlar göstərir ki, Rüstəm İbrahimbəyov da Əkrəm Əylisli kimi Azərbaycana xəyanət yolu tutmuş ermənipərəst ünsürdür. Onun Əkrəm Əylislinin xəyanətinə münasibətdə ermənipərəst yazıçını dəstəklədiyini bəyan etməsi heç də təsadüfi xarakter daşımamışdı. Bu isə Rüstəm İbrahimbəyovun kosmopolit, anti-Azərbaycan ruhlu mövqeyindən irəli gəlir. Belələrinin özlərini azərbaycanlı adlandırması isə xalqımız, milyona yaxın qaçqın və məcburi köçkünümüz, müharibədə əzizlərini qurban vermiş vətəndaşlarımız üçün, şəhidlərimizin ruhuna əsl təhqirdir.
Azərbaycan ziyalısına yaraşmayan hərəkət
Rüstəm İbrahimbəyovun nümayiş etdirdiyi ermənipərəst mövqe Azərbaycan vətəndaşları, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən etirazla qarşılanıb. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov Rüstəm İbrahimbəyovun belə bir açıqlama verməsindən təssüfləndiyini dilə gətirib: "Mən çox təssüf edirəm ki, özünü Azərbaycan ziyalısı adlandıran Rüstəm İbrahimbəyov müsahibəsində Ermənistanın Azərbaycan düşmən olmadığını vurğulayıb. Hesab edirəm ki, bu Azərbaycan ziyalısına yaraşmayan bir hərəkətdir". Rufiz Qonaqov deyir ki, bu gün Azərbaycanın 20 faiz torpağı işğal edildiyi, 1 milyona yaxın qaçqın və məcburi köçkünümz olduğu halda Rüstəm İbrahimbəyov bu cür zərərli, Azərbaycanın milli maraqlarına zidd olan açıqlamalar verir: "Hesab edirəm ki, özünü Azərbaycan ziyalısı adlandıran bir şəxs bilməlidir ki, əgər Ermənistan Azərbaycana düşmən deyilsə, o halda 20 faiz ərazilərimiz necə işğal olunub və 1 milyona yaxın soydaşımız hansı səbəbdən qaçqın, məcburi köçkünə çevrilib". Mərkəz sədri bildirib ki, bu kimi açıqlamalar kiminsə xoşuna gəlmək, nəyəsə yaramaq üçün deyilən fikirlərdir: "Bu Azərbaycana xoş olmayan münasibətdən irəli gəlir. Mən Rüstəm İbrahimbəyovun bu açıqlamasından təssüflənirəm".