“Rüstəm İbrahimbəyov təhlükəli adamdır”
5 Aprel 2013 17:50 Siyasət"Rüstəm İbrahimbəyovun Rusiyada "partlat"dığı açıqlamalar onun kimliyini bir daha, özü də bu dəfə geriyə dönüşsüz və heç bir şübhə yeri qoymadan ortaya qoyur". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirlər millət vəkili Sahib Alıyevin facebook səhifəsində yer alıb. Millət vəkilinin sözlərinə görə, professor Nizami Cəfərov hələ bir neçə il öncə deyəndə ki, bu adam Azərbaycan yazıçısı deyil, onu topa tutanlar vardı: "İndi isə bəlli olur ki, İbrahimbəyov təkcə yazdıqlarıyla yox, mahiyyətilə də azərbaycanlı deyil. Dağlıq Qarabağın kimin olması məsələsi danışıqlar və müzakirə predmetidir, münaqişənin hərbi yola həlli böyük cinayətdir deyən, SSRİ-nin dağılmasına göz yaşı axıdan, bizi "slavyan-türk birliyi" kimi qiymətləndirdiyi Avrasiya İttifaqına səsləyən bir adam sizcə, çaşıbmı? Yox çaşmayıb, komanda alıb ona görə belə danışır. Əkrəm Əylislinin "Daş yuxuları"nda müqəddəsləşdirdiyi ermənilərə Dağlıq Qarabağı hədiyyə etmək fikrindədir Rüstəm İbrahimbəyov. Söyün Sadıqovun "xalq diplomatiyası" yolu ilə". Millət vəkili deyir ki, onların hər üçünün komandanı haradan aldıqları bəllidir: "Bəlli olmayan bu üçlükdən kimin hansının üzərində kurator olmasıdır. Amma kimin hansına kuratorluq etməsindən asılı olmayaraq Rüstəm İbrahimbəyov da, Əkrəm Əylisli də Söyün Sadıqovdan çox-çox təhlükəli adamlardır. Çünki onlar Söyündən daha tanınmış, daha istedadlı və daha məkrli "azərbaycanlı"lardır. Dırnaq ona görədir ki, bu üçlük formaca azərbaycanlı olsalar da mahiyyətcə kimlikləri bəlli deyil. Yazıqlar olsun".