"Ola bilsin Rüstəm İbrahimbəyovun Ermənistandan hansısa gözləntiləri var”-
5 Aprel 2013 17:09 Siyasət"Rüstəm İbrahimbəyovun açıqlaması mənə çox pis təsir etdi. Bu onu göstərir ki, Rüstəm İbrahimbəyovun ya əsli-kökü erməni mənşəlidir, ya da o, neçə illərdir ki, erməni sevgisini ürəyində saxlayıb və bu gün onu büruzə verir". Bu fikirləri "OLAYLAR"-a hakim Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov Rüstəm İbrahimbəyovun "Rosbalt" agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Seymur Orucov bildirib ki, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli kimi ziyalıların belə hərəkətləri biz gəncləri, ümumilikdə Azərbaycan xalqını ciddi şəkildə narahat edir: "Sosial şəbəkələrdə, mətbuat səhifələrində onlara qarşı olan reaksiyalar belə deməyə əsas verir". Seymur Orucovun sözlərinə görə, özünü ziyalı, aydın adlandıran, dövlətin birləşməsi, bütövləşməsindən danışan birinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir: "Bu gün Azərbaycan dövləti və millətinin ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi barədə bu insan belə bir fikir səsləndirirsə, onun Azərbaycanın havasını belə udmasına qarşı çıxıram. Əgər bu cür insanların cəzasını verməsək cəmiyyət, bəşəriyyət bizi bağışlamaz. Onun əməli ilə gördüyü işlər də bir-birinə düz gəlmir". YAP Gənclər Birliyinin sədri deyir ki, əgər son vaxtlara qədər Rüstəm İbrahimbəyov xalqın gözündə yalnız yaxşı bir rejissor kimi qalmışdısa, bəzi siyasi, məntiqsiz çıxışları, qocalan vaxtında mədəniyyətdən siyasətə atılaraq nəyəsə nail olmaq istəyi onu xalqın gözündən tamamilə saldı: "Son hərəkəti isə Rüstəm İbrahimbəyovu tarixin dərinliklərinə basdıracaq". Seymur Orucovun sözlərinə görə, ola bilsin ki, Rüstəm İbrahimbəyovun Ermənistandan hansısa gözləntiləri var: "Hələlik onu bilmirik. Ancaq bizdə belə bir şübhə yaranmağa başlayıb. Ola bilsin ki, o bəşəri düşünmək istəyir və ona görə də iddia edir ki, erməni xalqı guya düşmən deyil. Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edən, torpaqlarımızı işğala məruz qoyan da məhz erməni millətinin nümayəndələridir. Digər tərəfdən Rüstəm İbrahimbəyovun diqqətinə onu da çatdırmaq istərdim ki, milli dəyəri olmayanın bəşəri dəyəri də olmur".