Millət vəkillərimiz özbək həmkarları ilə nədən danışıblar?

Rəbiyyət Aslanova Daşkənddən səsləndi : “İnsan hüquqlarına hörmət dövlətimizin prioritetlərindəndir”

Ümummilli lider Heydər Əliyevin 90 illiyi ilə bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən tədbirlərdə iştirak etmək üçün həmin ölkəyə səfər etmiş Azərbaycandan olan millət vəkilləri səfər çərçivəsində Özbəkistan parlamentində-Ali Məclisində olublar. Bu barədə məlumat verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın sözlərinə görə, nümayəndə heyəti Özbəkistan Ali Məclisinin müvafiq komitələrindən birinin sədri Məhəmmədyusif Teşabayev və həmin şəxsin rəhbəri olduğu komitənin üzvləri ilə görüşüblər. Görüşün çox maraqlı keçdiyini qeyd edən millət vəkili bildirib ki, özbək həmkarları ilə fikir mübadiləsi zamanı Özbəkistan-Azərbaycan əlaqələrinə, hər iki qardaş-dost ölkənin ali qanunverici orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinə və digər məsələlərə geniş şəkildə toxunulub və hər iki tərəf bu əlaqələrin, münasibətlərin səviyyəsindən razılıqlarını ifadə edib: "Eyni zamanda, bu əlaqələrin, dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin bundan sonra daha da genişləndirilməsi, sürətləndirilməsi məsələsi məqsədəuyğun hesab edilib. Onu da qeyd edim ki, Özbəkistan bu gün işğalçı və təcavüzkar Ermənistanla heç bir diplomatik münasibətlər qurmayan 3 ölkədən biridir. Bu qardaş və dost ölkə hər zaman Qarabağ məsələsində Azərbaycanın birmənalı haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləyib, ifadə edib. Bunlar çox mühüm, önəmli, olduqca təqdirəlayiq məqamlardır. Ona görə də Özbəkistan-Azərbaycan əlaqələrinin bundan sonra da gücləndirilməsi lazımdır. Bunun hər iki tərəfə ancaq və ancaq müsbət xeyri var". Səfər çərçivəsində nümayəndə heyəti Daşkənd şəhərində Azərbaycanın Özbəkistandakı səfirliyinin və Azərbaycan diasporunun təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Azərbaycanın müasir tarixi: Azərbaycan-Özbəkistan münasibətləri" adlı tədbirdə "Heydər Əliyev və insan hüquqları" mövzusunda tədbirə qatılıblar. Tədbirdə "Heydər Əliyev və insan hüquqları" mövzusunda çıxış edən R.Aslanova qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən ötən 22 ərzində, xüsusilə, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində çox mühüm işlər görülüb, saysız-hesabsız addımlar atılıb. Komitə sədri çıxışında qeyd edib ki, insan hüquq və azadlıqlarına hörmət, onların dövlət siyasəti və qanunvericilik səviyyəsində təminatı mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir: "Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. Heç şübhəsiz ki, hüquqi-demokratik dövlət quruculuğunun da əsas şərtlərindən biri ölkədə insan hüquq və azadlıqlarının təminatı məsələsidir. Azərbaycan dövləri və hakimiyyəti də ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində çoxsaylı işlər görüb, uğurlara imza atıb. Eyni zamanda, ölkə parlamenti-Milli Məclis tərəfindən də bu yöndə çoxsaylı qanunlar, qərarlar qəbul olunub, beynəlxalq sazişlər ratifikasiya edilib. Demək istəyirəm ki, insan hüquqlarına hörmət, insan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin başlıca prioritetlərindəndir". Qeyd edək ki, Azərbaycan diasporu nümayəndələri və Özbəkistan ictimaiyyəti təmsilçilərinin geniş tərkibdə qatıldığı sözügedən tədbirdə R. Aslanova ilə yanaşı, azərbaycanlı deputatlardan Qənirə Paşayeva, Etibar Hüseynov və Aydın Abbasov da iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00