Avropa Məhkəməsində Azərbaycanla bağlı icraata qəbul edilən şikayətlərin sayı azalıb

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 2012-ci il üçün nəticələrini açıqlayıb. Məhkəmənin saytında yayılan məlumata görə, il ərzində bu nəhəng ədalət qurumuna 65150 yeni iddia qəbul edilib. Bu, 2011-ci ilə nisbətən 1 faiz çoxdur. Yeni iddiaların böyük əksəriyyəti - 48350-si baxılması mümkün olmayan ərizə kimi qiymətləndirilib. 17 minə yaxın ərizə icraata qəbul edilib. İl ərzində məhkəmədə 88 minə yaxın iddia ilə bağlı araşdırma aparılıb. Qəbul edilməyən ərizələrin sayı ötən ilə nisbətən 70 faiz artıb. Rəqəmin bu qədər artması məhkəmənin işində yeni metodların tətbiqi, hakimlərin təklikdə fəaliyyəti ilə əlaqədardır. lawreform.az saytı xəbər verir ki, Avropa Məhkəməsinin saytında ölkələr üzrə statistika da yer alıb. İl ərzində AM-də 128 min ərizə ilə bağlı icraat aparılıb. Bunlardan ən çoxu Rusiya ilə bağlı olub - 28600. Bu, ümumi şikayətlərin 22 faizini təşkil edir. Bu siyahıda ikinci yerdə Türkiyə (17 minə yaxın), üçüncü yerdə İtaliya (14 mindən çox) dayanır. Məhkəmədə il ərzində qəbul edilən qərarların üçdə biri əsasən dörd dövləti- Rusiya, Türkiyə, Ukrayna və Yunanıstan əhatə edir.
   Azərbaycana gəlincə, 2012-ci il dekabrın 31-nə qədər ölkə ilə bağlı 1299 şikayət olub. İl ərzində 342 yeni şikayət icraata götürülüb. Ümumilikdə 2012-də 731 ərizə ilə bağlı iş aparılıb. Bunlardan 694 ərizə qəbul edilməyib və baxılması mümkün olan işlərin siyahısından çıxarılıb. Nəticədə 37 ərizəçi barədə 17 qərar çıxarılıb. (Qərarlardan bəziləri bir neçə nəfərə aid olub). Bu qərarlarda Avropa İnsan Haqları Konvensiyasının ən azı bir maddəsi üzrə pozuntu aşkarlanıb. Bu qərarların 5-i ədalətli məhkəmə hüququ, 6-sı mülkiyyət hüququ, 6-sı isə azad seçkilər hüququ ilə bağlı olub. Son illərin statistikasına nəzər salsaq, 2012-ci ildə Azərbaycanla bağlı icraata qəbul edilən iddiaların sayı bir qədər azalıb. 2009-cu ildə 362 iddia, 2010-da 337, 2011-ci ildə 531, 2012-ci ildə isə 342 iş baxılmaq üçün ayrılıb. 2005-ci ilin parlament seçkisində namizəd olmuş Abbas Atakişiyevin işini araşdıran məhkəmə ona münasibətdə ədalətli məhkəmə hüququnun pozulduğu qənaətinə gəlib. İddiaçıya dəyən mənəvi ziyana görə 7500 avro, məhkəmə xərcləri üçün 1385 avro ödənməsi barədə qərar verilib. Qeyd edək ki, 2005-ci ilin parlament seçkisində seçiciləri satın almaq və opponentlərini təhqir etmək iddiası əsasında Abbas Atakişiyevin namizədliyi ləğv olunmuşdu. Eyni qətnamə və təzminat Qaradağdan namizəd kimi qeydə alınan Bəybala Əbil, Xanhüseyn Əliyev haqqında da çıxarılıb. Məhkəmə hazırda Qobustan həbsxanasında ömürlük cəza çəkən Çingiz Paşayevin iddia ərizəsini araşdıraraq ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının pozulması qənaətinə gəlib. Çingiz Paşayevin şikayəti 6 il əvvəl təqdim olunub. O, cinayət işinə, habelə Bayıl istintaq təcridxanasının rəhbərliyinə qarşı vərəmə yoluxma iddiasına baxılması zamanı yol verilən pozuntulardan şikayətçi idi. Məhkəmə hər iki halda Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən edib və məhbusa 4800 avro kompensasiya ödənməsinə qərar verib. Avropa İnsan Haqları Məhkəməsinin verdiyi qərara əsasən, Azərbaycan hökuməti Azərbaycan vətəndaşı Zülfəli Hüseynova 16800 avro kompensasiya ödəməlidir. Zülfəli Hüseynov mənzilini zəbt etmiş məcburi köçkünlərin ordan çıxarılmasına dair məhkəmə qərarının icrasının yubadılmasından Avropa Məhkəməsinə şikayət etmişdi. Bu ilin ilk aylarında Avropa Məhkəməsi bəzi Azərbaycan ictimaiyyəti üçün maraq doğuran bəzi işlər haqqında da qərarını açıqlayıb. Məsələn, sabiq səhiyyə naziri Əli İnsanovun şikəyəti üzrə çıxarılan qərar əsasında Azərbaycan hökuməti 10 min avro cərimələnib. Məhkəmə işgəncənin qadağan edilməsi və ədalətli məhkəməmə hüququnun təmin olunması maddələri üzrə Ə.İnsanovun hüquqlarının pozulduğunu təsbit edib.
    Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları üzrə Konvensiyaya 2001-ci il yanvarın 25-də qoşulub. Azərbaycanla bağlı ilk qərar 2006-cı ildə Kunqurovanın işi ilə bağlı olub. Avropa Məhkəməsinin 2012-ci ildə büdcəsi 67 milyon avro olub, Azərbaycan tərəfindən büdcəyə 884 918 avro ödənilib. Ümumilikdə Avropa Şurasının büdcəsi 244 milyon avro təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00