Azərbaycanla Hindistan arasında əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycanla Hindistan arasında hüquq sahəsində 3 müqavilə imzalanıb. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Hindistanın hüquq və ədliyyə naziri A.Kumarın dəvətinə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkəyə səfər edib. Hindistanın Hüquq və Ədliyyə Nazirliyində keçirilmiş görüşdə A.Kumar iki ölkə arasında hüquqi sahədə əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb, Azərbaycan ədliyyə nazirinin Hindistana səfərinin qarşılıqlı fəaliyyətin inkişafına böyük təkan verəcəyini bildirib. Nazir Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən ədliyyə sistemində tətbiq olunan innovasiya və İKT-lər, məhkəmə və penitensiar infrastrukturun müasirləşdirilməsi, habelə hakimlərin seçim prosesinin şəffaflığına görə Avropada örnək kimi dəyərləndiyi barədə məlumat verib, Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb. Görüşdə konkret sahələr üzrə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Səfər çərçivəsində Azərbaycan ilə Hindistan arasında "Mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında", "Cinayətkarların təslim edilməsi (ekstradisiya) haqqında" və "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" müqavilələr imzalanıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00