Azərbaycan erməni təxribatının qarşısını almaq iqtidarındadır
5 Aprel 2013 15:01 Siyasət"Əgər ermənilər öz təxribatçı əməllərindən əl çəkmək istəmirlərsə, bu onların dünya birliyinə meydan oxumaq niyyətlərindən xəbər verir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Ermənistanın Xocalı aeroportunun açılacağı barədə növbəti bəyanatına münasibət bildirərkən səsləndirib. O, bildirib ki, Azərbaycanın güclü mövqeyi ermənilər tərəfindən Xocalı aeroportu ilə bağlı təxribatın qarşısını almaq iqtidarındadır: "Bir çox beynəlxalq təşkilatlar, Avropa təşkilatları, o cümlədən müxtəlif zamanlarda həmsədrlər Xocalıdakı aeroportun açılmasının bütövlükdə Cənubi Qafqazda sülh prosesinə ciddi ziyan vuracağı haqqında çox sərt bəyanatlar veriblər. Bu bəyanatlar kifayət qədər ciddi bəyanatlar idi və onların səsləndirilməsi erməni tərəfinin atdığı addımın təxribat xarakteri daşıdığından xəbər verir. Hesab etmirəm ki, bu təxribatın ermənilər tərəfindən yürüdülməsinə dünya birliyi, müvafiq beynəlxalq təşkilatlar imkan verməyəcəklər".