Xələf Xələfov: Xəzər ölkələrinin sammitinin keçirilməsinə hazırlıq işləri görülür"

Xəzərin statusu məsələsi üzrə təmaslar davam etdirilir, yəni bu, gündəlikdə olan daimi məsələdir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Xələfov qeyd edib ki, bütün dövlətlər tərəfindən həm işçi qrupları mütəmadi olaraq görüşlər keçirir, eləcə də işçi qrupunun görüşlərinə qədər olan dövrlərdə də məsləhətləşmələr aparılır. Martda Rusiya Federasiyasının nümayəndəsi ilə məsləhətləşmələr keçirdiyini deyən Xələfov bildirib ki, görüş zamanı gündəlikdə olan sammit məsələsi müzakirə edilib, çünki Bakı sammitindən sonra Rusiyada növbəti sammitin keçirilməsi məsələsi var idi.
"Sammitin keçirilməsi üçün hazırlıq məsələsi ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda, konvensiya layihəsi ətrafında işçi qrupu tərəfindən aparılan işləri, vəziyyəti müzakirə etdik, bəzi açıq məsələlər var ki, onlarla bağlı tərəflərin mövqelərini bir daha nəzərdən keçirdik. Əsas məqsəd ondan ibarətdir ki, açıq qalan məsələlər üzrə ümumi konsolidasiya olunmuş, ümumiləşdirilmiş bir mövqeyə gəlmək üçün müəyyən addımların atılmasının zəruriliyi, eyni zamanda mövqelərin yaxınlaşdırılması istiqamətində səylərin göstərilməsi haqqında fikir mübadiləsi apardıq", - Xələfov deyib.Nazir müavini görüşün faydalı olduğunu bildirib və bəzi sahələrdə faydalı təkliflərin verildiyini, işçi qrupunun növbəti görüşündə bu təkliflərə baxılması kimi məsələlərin müzakirə edildiyini qeyd edib.
Eyni zamanda, Xələfov bildirib ki, aprelin 20-dən sonra Tehranda işçi qrupunun növbəti görüşü nəzərdə tutulub. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bu görüşdə iştirakını artıq təsdiqləyib. "Düşünürəm ki, digər bütün ölkələr də artıq təsdiqləyiblər. Ümidvarıq ki, bu görüşdə də statusun irəli aparılması istiqamətində ümumi səylər göstəriləcək. Əlbəttə, bütün məsələlərin bu görüş çərçivəsində razılaşdırılması imkanı yoxdur, amma yenə də müəyyən məsələlər üzrə fikirlərin yaxınlaşması, ümumi yanaşmaların əldə olunması kimi məsələlər öz həllini tapa bilər", - Xələfov deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00