Xarici dövlətlərin seçkiyə istər-istəməz təsiri var- Əli Həsənov
5 Aprel 2013 07:47 Siyasət"Hər bir seçki prosesi tək ölkənin milli məsələsi deyil, eyni zamanda ölkənin beynəlxalq təsisatlar qarşısında öhdəliyi, beynəlxalq aləmlə münasibətlərinin gələcəyi və digər məsələlər də təsir göstərir. Bu anlamda bizim xarici dövlətlər içərisində də əməkdaş və tərəfdaş ölkələrimiz, eləcə də rəqib dövlətlərimiz də var". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident seçkilərində Azərbaycana xarici təsirlərin mümkünlüyü məsələsinə münasibət bildirərkən səsləndirib. PA rəsmisi deyib ki, həmin dövlətlərin hər biri Azərbaycanda keçirilən seçkilərə öz maraqları və Azərbaycanla münasibətlərinin təəssüratından yanaşırlar: "Xarici dövlətlərin təsiri istər-istəməz var. Azərbaycanla uzun müddət iqtisadi, sosial, siyasi münasibətlərdə olan dövlətlər var. Bu ölkələrin də istər-istəməz seçkilərə təsiri var". Əli Həsənov bildirib ki, seçkidə iştirak edən elektorat xarici təşkilatlar və xarici QHT-lərlə münasibətlərə malikdir və onların da bu seçkilərdə maraqları var: "Ancaq bütövlükdə hər bir ölkədə seçkinin taleyini həmin ölkənin xalqı müəyyən edir. Ona görə də biz də çalışırıq ki, seçicilərin iradəsini xarici dövlətlər, xarici dairələrin asılılığından xilas edək. Vətəndaşlar seçkiyə gedərkən yalnız öz iradələrindən çıxış etsinlər".