“Barak Obama Xocalı soyqırımını tanımaq məcburiyyətində qalacaq”
Elxan Şahinoğlu: “ABŞ Konqresinin Xocalı qətliamını tanıması soyqırıma beynəlxalq ölçü qazandıracaq”
4 Aprel 2013 16:39 SiyasətABŞ-ın Qərbi Virciniya ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilib. Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Xocalı hadisələrinin 1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən hərbi təcavüz və etnik təmizlənmənin tərkib hissəsi olduğu qeyd edilir. Qeyd edək ki, Qərbi Virciniya ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Pensilvaniya, Missisipi, Men, Texas, Arkanzas, Oklahoma, Nyu-Meksiko, Tennessi ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Amerika ştatları tərəfindən Xocalı soyqırımı şox sürətli şəkildə qəbul edilir və bu amil təqdirəlayiq bir haldır: "Proseslərin ən son həddi kimi ABŞ Konqresinin soyqırımı tanıması olacaq. Bu faktor Xocalı faciəsinə beynəlxalq ölçü qazandıracaq. Azərbaycan bu istiqamətdə bütün enerjisini sərf etməlidir. Xocalı soyqırımını tanıyan ştatların sayı çoxaldıqca ABŞ Prezidenti Barak Obama da onu tanımaq məcburiyyətində qalacaq". ("OLAYLAR" İA)