İrana bağlı qüvvələr sabitliyi təhdid edir
İslam Partiyasının sədr müavini 90-cı illərin ruhunda danışır
4 Aprel 2013 15:58 SiyasətSon vaxtlar siyasi islamın xeyli fəallaşdığı müşahidə olunur. İrandan dəstəklənən islamçıların hicabla bağlı mərkəzdə, siyasi və sosial tələblərlə Nardaranda keçirdikləri aksiya ciddi narahatlığa əsas yaradır. Azərbaycan İslam Partiyası sədrinin müavini Akif Heydərlinin mətbuata verdiyi açıqlamalar narahatlığa əsas olduğunu göstərir. Akif Heydərli bir sıra ciddi siyasi iddialar və zərərli proqnozlarla çıxış edir. Sədr müavini sağ mərkəzçi qüvvələrlə əməkdaşlığı inkar etmir. Qeyd edir ki, ADP, AXCP, VİP, Yaşıllar Partiyası və bir neçə blok və partiyanın rəhbərləri ilə müttəfiqliklə bağlı müzakirələr aparılıb. Bildirir ki, EL hərəkatı, İctimai Palata ilə əməkdaşlıq istisna edilmir. Hacı İlqarın sağ mərkəzçilər arasında olması İrandan dəstəklənən islamçıların İP-lə əməkdaşlığını bəlli etmişdi. İslam partiyası rəsmisi bunu bir daha təsdiq edir. Prosesi "Əxlaqlı seçki və ədalətli mübarizə" adlı islami hərəkata çevirmək planımız var. Təxminən 700 minlik sosial bazaya iddia edirik. Bu rəqəm gələcəkdə arta da bilər. "Azərbaycan xalqı indiki hakimiyyətin apardığı siyasətdən narazıdır. Hakimiyyət Qarabağ problemini həll etməyib. İnsanların sosial rifahı çox aşağıdır. Məmur özbaşınalığı insanları bezdirib". Bu tezislər İrandan yayınlanan və Azərbaycana qarşı təxribat məqsədli xəbərlər yayan "Səhər-2"-nin tezislərini xatırladır. "Azərbaycanda hakimiyyət dəyişikliyinə şərait varmı" sualına cavab verən İP rəsmisi "var" deyə cavab verir və ərəb inqilablarını misal gətirir. Ancaq nədənsə İranı unudur. Halbuki əksər siyasi müşahidəçilər Suriya hadisələrindən sonra İranın hədəfə gələcəyini proqnozlaşdırırlar. "Amerikanın əsas məqsədi Azərbaycanda siyasi islamın inkişafının qarşısını almaqdır" deyən partiya rəsmisi hesab edir ki, Amerika Azərbaycanda xalqın iradəsinə tabe olan bir hakimiyyətin yaranmasına razı deyil. Partiya sədrinin ən diqqətçəkici fikri isə fikrimizcə, "biz 700 minlik elektorata iddialıyıq" deməsidir. Əslində bu fikirlərdə ziddiyyətlər var. Azərbaycanda bu qədər elektorata heç 20 ilin ana müxalifəti-AXCP-Müsavat cütlüyü iddia eləmir. Onların birlikdə gücü 5 mindən bir qədər artıqdır. Bunu ötən ilin aprel aksiyaları da göstərdi. İkincisi, əgər 700 minlik elektoratı varsa, nədən islamçılar müstəqil qüvvə kimi ortaya çıxmır, İctimai Palataya sığınırlar? İslam Partiyası sədrinin qüvvələrini şişirtdiyi aydındır. Doğrudur, son zamanlar İran Bakı kəndlərində, Cənub bölgəsində yaxşı işləyib, müəyyən tərəfdarlar toplaya bilib. Gəncə şiə dindarları arasında İrana meyllilərin sayı artıb. Bununla belə İran dünyəvi dövlət quruluşu və təhsil sisteminə malik, Avropa mədəniyyətinə inteqrasiya etmiş Azərbaycan Respublikası əhalisinin əksəriyyətinə nüfuz edə bilmir. İranın Azərbaycan üçün xərclədiyi pulların çoxu havaya sovrulub. Əldə olan məlumata görə, Azərbaycanla işləyən İran dini dairələri dəfələrlə buradakı dini liderlərdən narazılıq ifadə ediblər. İslamçıların 700 minlik elektoratı olsaydı, İranın diktəsi ilə Nardaranda əzələ nümayiş etdirərdilər. Akif Heydərlinin gətirdiyi bu rəqəm ötən ilin payız aylarında Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyovun "700 minlik mitinq planlaşdırırıq" bəyanatına oxşardır. Ola bilsin ki, kinodramaturqun 700 minlik elektorat fikri elə islamçılarla söhbətdən sonra formalaşıb. Kimin fikridirsə, piar xarakterlidir və reallığı əks etdirmir. Sağ müxalifət partiyaları da vaxtaşırı bu cür bəyanatlar verirlər. İslam Partiyası rəsmisinin açıqlamalarında qorxulu məqam dövlətə meydan oxuyan tərz və 90-cı illərin ruhundakı xaosa çağıran ritorikadır. Az sayda olsa da, daha sıx və mütəşəkkil olan dini icmaların bu cür davranışı siyasi sabitlik üçün yaxşı heç nə vəd eləmir. Dövlət qurumları İrandan idarə olunan bu cür çevrələri nəzarətdən kənar qoymamalıdır.
Ərhun Abbas