“İran acığa düşüb Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər” - AÇIQLAMA

Elşən Manafov: “Azərbaycan dövlətində Güney Azərbaycanla bağlı ictimai-siyasi fikrin oyanması açıq şəkildə rəsmi Tehranı narahat edir”

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi Bakıda keçirilmiş Güney Azərbaycanla bağlı beynəlxaq konfransa kəskin reaksiya verib və bildirib ki, belə addımlar "Bakının zərərinə olacaq və yalnız Azərbaycan İrana birləşə bilər". "Bu cür bəyanatların son zamanlarda İran rəsmilərinin dilindən tez-tez səsləndirilməsi rəsmi Tehranın Azərbaycanla bağlı mövqeyində bir yenilik deyil. Zaman-zaman fars hakimiyyətini təmsil edən siyasətçilər Azərbaycan dövlətilə bağlı bu cür mövqe nümayiş etdiriblər. Hələ Bakıda Dünya Azərbaycanlılarının qurultayı keçiriləndə İranın vaxtkı Azərbaycandakı keçmiş səfiri Əşrəf Süleymani bəyan etmişdi ki, bu cür addımlar İran-Azərbaycan münasibətlərinə xələl gətirəcək amillərdir, rəsmi Bakı İranın daxili işlərinə müdaxilə edir". Politoloq Elşən Manafov məsələyə münasibət bildirərkən belə deyib. E.Manafovun sözlərinə görə son zamanlarda Azərbaycan dövlətində Güney Azərbaycanla bağlı ictimai-siyasi fikrin oyanması açıq şəkildə rəsmi Tehranı narahat edir: "İran Suriyadakı proseslərin başa çatmasından sonra hədəfdə olan dövlətdir. Azərbaycan tərəfi çalışmalıdır ki, onu anti-İran koalisiyasına cəlb edən qüvvələrin "dəyirmanına su tökməsin". Azərbaycan daxilində bəzi siyasi qüvvələr var ki, bu işdən külli-miqdarda maliyyə vəsaiti qazanmağa çalışırlar. Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlməsindən sonra və Prezident İlham Əliyevin titanik səyləri nəticəsində zaman-zaman İran-Azərbaycan münasibətləri düzəlməyə başladı. Nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmayıb Azərbaycanı Cənub qonşusu ilə qarşıdurmaya sürükləmək heç də yaxşı nəticələrə yol açmayacaq. Gürcüstan da müəyyən müddət Qərbdən olan havadarlarının köməkliyilə Cənubi Osetiya və Abxaziya problemlərini həll etməyə çalışdı. Nəticədə Vladimir Putin bəyan etdi ki, Saakaşvilini qalstukundan asacaq və Rusiya hər iki respublikanın müstəqilliyini tanıdı. İranın da bu cür qərar qəbul edəcəyi inandırıcıdır. İranla münasibətləri həmin nümunəyə uyğun olaraq müqayisəli şəkildə yoluna qoymaq lazımdır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00