Rusiya və İrana mesaj...
Cümşüd Nuriyev: “Məlumat Azərbaycan iqtidarı ilə Türkiyə hakimiyyəti arasında qarşıdurma yaratmağa xidmət edir”
4 Aprel 2013 14:05 Siyasət"Türkiyədən çəkilən kürd silahlılarını Azərbaycanda yerləşdirilmək təhlükəsi böyüyür. Ankara ilə terror təşkilatı arasında sövdələşmə baş tutsa, PKK terrorçularının bir hissəsini mülki şəxslər qismində ölkəmizdə yerləşdirmək planı var. Onlar bura "iş adamları" adı altında gətiriləcək və əsasən qərb bölgələrində, habelə Naxçıvanda yerləşdiriləcək". "Musavat.com" saytı belə yazır. "Mətbuatda yayılan bu məlumatlar o qədər də inandırıcı görünmür. İnformasiya daha çox sensasiya və populizm xarakteri daşıyır. Ola bilsin Türkiyədən kimsə bu informasiyanı "Yeni Müsavat"a versin, amma bu Azərbaycan iqtidarı ilə Türkiyə hakimiyyəti arasında qarşıdurma yaratmağa xidmət edir". Politoloq Cümşüd Nuriyev məsələyə münasibət bildirərkən belə deyib. C.Nuriyevin sözlərinə görə kürd silahlılarının "iş adamları" adı altında Azərbaycanda yerləşdirilməsi həqiqəti əks etdirmir: "Məlumatdan çıxan nəticə budur ki, Azərbaycanın təhlükəsizlik orqanları heç bir işlə məşğul deyil. Əslində isə Azərbaycanın milli təhlükəsizlik strukturları nəyin harada olduğunu çox gözəl bilirlər. İnformasiya bir növ də təhlükəsizlik orqanlarının fəaliyyətinə kölgə salmağa hesablanıb. Bilərəkdən, ya bilməyərəkdən bu "erməni dəyirmanına su tökmək"dir. Həmçinin Rusiya və İrana mesaj verirlər ki, Azərbaycanın milli təhlükəsizliyi təmin olunmur. PKK-dan kim Azərbaycana üz tutsa belə o, MTN-nin nəzarətində olacaq. Buna görə PKK-nın Azərbaycanda hər hansısa təhlükə yaratması ehtimalı sıfra bərabərdir. Kürd terrorçuları Azərbaycana gəlsələr belə Türkiyə hakimiyyəti onlar haqqında Azərbaycan dövlətinə kifayət qədər məlumatlar verəcək. Çünki, Türkiyə və Azərbaycan arasında hüquqi yardımlaşmadan başqa terrora qarşı birgə əməliyyatların keçirilməsi razılaşması var". ("OLAYLAR İA")