Diaspora rəhbərləri “Milyarderlər İttifaqı”nı ifşa etdi
3 Aprel 2013 20:02 SiyasətBir neçə gün əvvəl Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində Rusiyanin diaspor təşkilatları rəhbərlərinin adından "Azərbaycan ictimaiyyətinə müraciət" çap olunub. Müraciətdə bir neçə diaspora rəhbərinin "Milyarderlər İttifaqı"nı dəstəklədiyi göstərilib. Müraciətdə adları çəkilən həmin diaspora rəhbərləri sənəd barədə məlumat alandan sonra həmin müraciətin saxta olduğu üzə çıxıb. Həmin şəxslər iddia edirlər ki, bu müraciət barədə onların məlumatı yoxdur və müraciət onların adından saxta imzalanıb. Müraciətdə adı çəkilən "Samara vilayəti azərbaycanlıları Liqası"nın İdarə heyətinin sədri Şirvan Kərimov, Rusiyanın Moskva, Nijeqorod, Samara, Yaroslavl vilayətləri və Tatarıstan Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporalarının rəhbərləri Qalib Ağayev, Vidadi Abbasov, Şirvan Kərimov, Osman Hüseynov və Sübhan Əhədzadə müraciəti təkzib edib. Onlar bir-bir mediaya müraciət edərək həmin müraciətin saxta yollarla, onlardan xəbərsiz hazırlandığını iddia ediblər. Məlum olub ki, müraciət özünü "Milyarderlər İttifaqı" adlandıran qurumun maraqlı şəxsləri tərəfindən hazırlanaraq mətbuata ötürülüb və guya ki, həmin şəxslər bu quruma dəstək verərək onlara qarşı aparılan kampaniyanı pisləyir. Həmin diaspora rəhbərləri ayrı-ayrılıqda məsələyə kəskin etirazını bildirərək "Milyarderlər İttifaqı"na etiraz məktubu da göndəriblər.
Çox maraqlıdır, artıq "Milyarderlər İttifaqı" indi də bu üsula əl atır. Özlərinə heç bir halda Azərbaycandan dəstək ala bilməyən bu "qurum" indi də qarayaxmalara əl atmaqla cəmiyyətdə nüfuz qazanmaq istəyir. Azərbaycandan kənarda yaşayan Azərbaycan diasporasının tanınmış simalarının adından sui-istifadə edən bu şəxslər onların vasitəsilə irəliləmək, Azərbaycanın adına xələl gətirməklə özlərini "demokrat" adlandırmaq istəyir. Amma bunu bacarmadıqlarını, xalqın onları tanıdığını özləri də çox gözəl bilirlər. Bir müddət əvvəl xalqdan taladıqları milyonlar hesabına qurum yaradan bu şəxslər elə xalqın əli ilə də xalqı vurmağa cəhd edirlər. Uzun müddət sahibkarlıq adı ilə maxinasiyalara qurşanıb milyonlar qazanan, çirkli pullar yığan, millətin pulunu, malını əlindənm almaqla çirkli pullar toplayan bu təşkilatın üzvləri indi də Azərbaycanda çaxnaşma yaratmağa can atırlar. Bu yolla onlar guya xaricdə Azərbaycanı təmsil etdiklərini bildirməklə xalqdan saxta dəstək almaq istədilər. Qurum üzvləri istəyirlər ki, özlərini Azərbaycan xalqına "xeyirxah" kimi sırıyıb özlərinə kifayət qədər qüvvə toplayıb, həmin qüvvəni qırğına versinlər. Bu məqsədlə onlar Azərbaycan dövlətinə qarşı Azərbaycanın diaspora simalarının adından istifadə etməklə müraciət hazırlayıblar. Bəlkə də, bu müraciətə bir neçə adam inanmışdı da. Amma çox çəkmədi ki, həmin şəxslərin iç üzü açıldı. Adları həmin müraciətdə çəkilən şəxslər dərhal məsələ ilə bağlı dalbaal bəyanatlar yayaraq müraciətdən xəbərsiz olduqlarını bildirməklə həmin çirkin niyyətli şəxsləri ifşa etdilər.
Məsələdən belə qənaətə gəlmək olar ki, "Milyarderlər İttifaqı" artıq çöküb. Bir-iki düşmənpərəst qüvvələrin hesabına təşkilatlanmaq istəyən bu şəxslər artıq ətrafına heç kimi toplaya bilmir, nüfuz qazanmaq əvəzinə, özlərini daha da nüfuzdan salıblar. Yeni yaranmasına baxmayaraq gün-gündən geriləyən bu təşkilat artıq uçurumun astanasında asılı vəziyyətdə qalıb, elə buna görə də onlar ən axırıncı yola, diaspora liderləri adından Azərbaycana, azərbaycanlılara əl atmaqla uçurumdan qurtulmaq istədilər, amma, bacarmadılar. Artıq xalq kimin, kimlərin, hansı qüvvənin arxasınca getmək istədiyini çox gözəl anlayır və dərk edir.
Samir