Sosial Rifah Partiyasının Gənclər Təşkilatı layihəsinin təqdimatını keçirib
Türanə Qasımova: “Bizim əsas məqsədimiz Azərbaycan gəncliyinin müsbət istiqamətdə inkişafına nail olmaqdır”
3 Aprel 2013 17:08 SiyasətAprelin 3-də Azərbaycan Sosial Rifah Partiyası Gənclər Təşkilatının "Bəşəriyyət işgüzar əməkdaşlığa "hə", münaqişələrə "yox" deyir" layihəsi çərçivəsində mətbuat konfransı keçirilib. Gənclər Təşkilatın sədri Türanə Qasımova layihə çərçivəsində gələcək fəaliyyət perspektivləri və görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi gənclər arasında işgüzar keyfiyyətləri yüksəltəmək, onların ictimai siyasi sahələrdəki fəaliyyətlərini təmin etmək və münaqişələrin sülh yolu ilə həlli istiqamətində maarifləndirmə işi aparmaqdır: "Layihə ərsəyə gəldikdən sonra biz fevralda ilk dəfə Biləsuvarda gənclərlə görüşlər keçirdik. Qarşıdakı aylarda layihənin Sumqayıt, Gəncə və digər şəhərlərdə təqdimatı keçiriləcək və biz orada gənclərlə tanış olaraq layihənin üstünlükləri barədə onlara məlumatlar verəcəyik. Əvvəlcə layihəni Azərbaycan daxilində və regional səviyyəyə qaldırdıqdan sonra beynəlxalq müstəviyə keçirməyi planlaşdırırıq. Ümidvaram ki, layihə ətrafında Azərbaycanın ən fəal gəncləri toplaşacaq. Bizim qarşımızda duran əsl məqsədimiz Azərbaycan gəncliyinin müsbət istiqamətdə inkişafına nail olmaqdır". GT-ın mətbuat katibi Mehdi Məmmədli də çıxışında layihənin üstünlükləri barədə tədbir iştirakçılarına məlumat verərək KİV nümayəndələrinin suallarını cavablandırdı. ("OLAYLAR" İA)