“Rəsul Quliyev kommersant adamdır, siyasətçi deyil” - MÜSAHİBƏ
Feruz Quliyev: “ O, yenə də hakimiyyətdən nəsə umur”
3 Aprel 2013 16:29 SiyasətYarandığı gündən qalmaqallardan uzaq olmayan və daha çox qeyri-adi qərarları ilə diqqət çəkən Açıq Cəmiyyət Partiyası son vaxtlar yenidən daxili gərginlik dövrünü yaşayır. Mütəmadi olaraq baş verən istefaların davamı olaraq partiyanın Ali Məclis sədrinin müavini, eləcə də bir neçə partiya rəsmisinin ACP-dən ayrılması eks-spikerin liderlik etdiyi partiyanın tezliklə dağılacağı ehtimallarını artırıb. Bəs görəsən Açıq Cəmiyyət Partiyasında nə baş verir və partiyadan istefaların səbəbi nədir?. Açıq Cəmiyyət Partiyasının Ali Məclisi sədrinin keçmiş müavini Feruz Quliyev "OLAYLAR"-a verdiyi müsahibədə partiyadan istefasının səbəbləri, eləcə də ACP-də olan qeyri-sağlam mövqe barədə danışıb.
-Feruz bəy, Açıq Cəmiyyət Partiyasından istefa vermək hansı zərurətdən meydana çıxdı?
-2008-ci il, sentyabrın 13-də Açıq Cəmiyyət Partiyası İlham Əliyevin prezidentliyini dəstəkləmək barədə qərar qəbul etdi. Çünki Zəminə Dünyamalıyeva o ərəfədə Amerikadan qayıdandan sonra bu istiqamətdə təbliğat aparırdı. Ona görə də biz həmin vaxtdan etibarən bir kənara çəkilərək Açıq Cəmiyyət Partiyasının həyatında aktiv iştirak etmədik. Ancaq buna rəğmən partiyada qalırdıq. Onu da qeyd edim ki, elə partiyanın özü də həmin vaxtdan sonra heç bir fəaliyyət göstərmədi. Çünki onların oyunu alınmadı. İlham Əliyevi dəstəkləməyin qarşılığında onlara nəsə söz vermişdilər, ancaq alınmadı.
-Bəs Açıq Cəmiyyət Partiyasının hazırkı sədri Sülhəddin Əkbər deyir ki, partiyaya üzvülüklə bağlı ərizələrin qəbulu zamanı siz ərizə ilə müraciət etməmisiniz?
-Sülhəddin Əkbər partiyaya gələndən sonra Nizami Məmmədov, Oktay Mirzəyev və mənə zəng edib bizimlə görüşmək istəyib. Mən də onunla görüşmüşəm. Həmin görüşdə Sülhəddin Əkbərə bildirmişəm ki, siyasətdə nisbətən təmiz adın var və nahaq gəlib bunlara qoşulmusan. Həmçinin bildirmişəm ki, mən Ali Məclisin sədr müavini olduğum halda sənin partiya sədri seçilməyindən xəbərim yoxdur. Sülhəddin Əkbər partiya sədri seçilərkən Ali Məclisin cəmi 4 üzvü həmin prosedurda iştirak edib. Eləcə də Zəminə Dünyamalıyeva Ali Məclisin sədri seçilərkən qurumun 54 üzvündən cəmi 3-4 nəfər orada olub. Qalanlar isə tamamilə kənar insanlar olub. Sonda onu da bildirdim ki, partiyanın Ali Məclisinin 2008-ci il, 13 sentyabr qərarı ləğv olunarsa, o halda partiyada onunla birlikdə fəaliyyət göstərə bilərəm. Əks təqdirdə yox. Ümumiyyətlə, Açıq Cəmiyyət Partiyasının Ali Məclisinin məlum qərarından sonra mən partiyaya getməmişəm. Bir dəfə də Sülhəddin Əkbərlə partiyanın yeni qərargahında görüşmüşəm. O zaman Sülhəddin Əkbər Rəsul Quliyevin cinayət işi ilə maraqlanırdı.
-Bəs partiyadan istefa barədə ərizə yazmısınız?
-Biz "El" Hərəkatına keçdikdən sonra Açıq Cəmiyyət Partiyasından istefa verdik. Sülhəddin Əkbər isə deyir ki, partiyaya gələndən sonra guya yeni qeydiyyat aparıb. Kim ərizə veribsə ACP-də qalıb, ərizə verməyən isə partiyadan çıxıb. Guya ki, Ali Məclis də yenidən formalaşıb. Partiyanın nizamnaməsinə uyğun olaraq isə İdarə Heyəti, Ali Məclis liderin təqdimatı ilə qurultayda seçilir Qurultay isə olmayıb. Partiyanın qurultayı yalnız 2007-ci il, aprelin 14-də keçirilib. Qurultay çağırmadan partiyanın Ali Məclisini, İdarə Heyətini seçmək olmaz. Bu savadsızlıqdır. Elə bil bu toyuq fermasının müdiridir, biz isə toyuğuq, gəlib inventarizasiya aparıb. Mən partiyaya daxil olanda ərizə yazmışam, sonradan nə üçün yenidən ərizə ilə müraciət etməliyəm. Bunlar partiyanın nizamnaməsini bilmirlər. İqtidarı bir kənara qoyub müxalifətlə vuruşurlar.
-Belə çıxır ki, Rəsul Quliyevin, eləcə də ACP sədrinin hakimiyyəti tənqidi görüntü xarakteri daşıyır?
-Əvvəla onu qeyd edim ki, mən Rəsul Quliyevi çoxdan tanıyıram. O zaman Rəsul Quliyev zavod direktoru idi, mən isə raykomda şöbə müdiri işləyirdim. Bu Rəsul Quliyevin köhnə nömrəsi, oyunudur. 2007-ci ildə də Açıq Cəmiyyət Partiyası hakimiyyəti tənqid edirdi, lakin 2008-ci ildə İlham Əliyevin namizədliyini dəstəkləmək barədə qərar qəbul etdi. İndi də eyni şey təkrar olunacaq və partiya bu seçkilərdə də hakimiyyətin namizədini dəstəkləyəcək. Əgər Rəsul Quliyev və Sülhəddin Əkbər doğurdan da hakimiyyəti tənqid edirsə, o halda nə üçün 2008-ci il, 13 sentyabr qərarı ləğv edilmir. Sülhəddin Əkbər iddia edir ki, həmin qərar o, ACP sədri seçilmədən əvvəl qəbul edilib. Ancaq onu unudur ki, Sülhəddin Əkbər siyasi varis kimi həmin qərarı ləğv edə bilər. Bunlar hamısı görüntüdür. Rəsul Quliyev kimi respublikaya ziyan vuran insan yoxdur. Azərbaycan Milli İstiqlal Partiyasını dağıdaraq Azərbaycan Demokratik İstiqlal Partiyası yaratdı. Lakin sonradan isə Mübariz Qurbanlıya bata bilmədi. Daha sonra isə Azərbaycan Demokrat Partiyasını dağıtdı. Konkret olaraq Rəsul Quliyev kommersant adamdır, siyasətçi deyil. O, yenə də hakimiyyətdən nəsə umur.
Süleyman İsmayılbəyli