Cəmiyyətin psixoloji terroru -AÇIQLAMA
Aydın Mirzəzadə: “Vətəndaşlarımız ölmüş və bəzən parçalanmış insanların şəkillərini gün ərzində dəfələrlə görməyə məcbur olurlar”
3 Aprel 2013 13:54 Siyasət"Hər gün televiziya, internet monitorlarında, qəzet səhifələrində yol qəzaları və kriminal hadisələr haqqında xəbərlər ilk sətirlərdə verilir. Vətəndaşlarımız nəinki, hadisə haqqında xəbər tutur, hətta hadisənin müxtəlif formalarda şəkillərini və videosunu görürlər". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, vətəndaşlarımız ölmüş və bəzən parçalanmış insanların şəkillərini gün ərzində dəfələrlə görməyə məcbur olurlar: "Yaxınlarını itirən şəxslərin fəryad dolu ağlaşmaları da tez-tez teleekranlardan "həvəslə" verilir. Həbsxana həyatları, kriminal tarixçələr haqqında məqalələr isə qəzetlərin və internet səhifələrin mühüm hissəsini tutur. Artıq gündəlik həyatımızda kriminal və ölüm səhnələri mütləq iştirak edir. Həyat elə qurulub ki, mütləq haradasa, hansısa ağır hadisə baş verir. Ancaq onun bütün təfərrüatları ilə hamının məlumatlandırılması artıq həyatımızın məzmununu tamam dəyişir. Gündəlik ölüm "səhnə"ləri artıq cəmiyyətdəki yaşayışımızın tərkib hissəsinə çevirir. Artıq bizlərlə hər gün ölüm hökmünü həyata keçirən, peşəsinə görə qan, kəsilmiş baş görən cəllad arasında heç bir fərq olmur. Hər gün ölüm "səhnə"lərini görən, ağır xəbərlər eşidən və vizual görən insanların psixologiyasında dərin dəyişikliklər baş verir. Bir qisim insan gündəlik belə xəbərlərdən ağır depressiyalara düşür, bir qismi isə tədricən qəddarlaşır". Millət vəkili eyni zamanda deyib ki, hər gün baş verən qətl və ölümlərin bütün xırdalıqları ilə cəmiyyətə göstərilməsinin mənası başadüşülən deyil: "Bu, artıq cəmiyyətin psixoloji terrorudur. Bunun fəsadları özünü çox gözlətməyəcək, nə qədər ki, gec deyil, buna bir son qoyaq. Mətbuata bu qədər kriminal və ölüm "səhnə"lərinin verilməsinə bir sədd qoymaq lazımdır, uşaqları, gəncləri, xəstələri, həssas insanları bu psixoloji terrordan qorumağın vaxtı gəlib çatıb. Ölüm və kriminal məsələlərlə müvafiq orqanların məşğul olması kifayətdir".