“İmam Hüseyn” meydanında İran havası - ŞƏRH

Nardaran əhlinin Amerika ilə nə problemi?

Bakının Nardaran qəsəbəsində etiraz akisyası keçirilib. Kəndin baş meydanı olan "İmam Hüseyn" meydanına toplaşan kənd sakinləri və Bakının digər kəndlərindən olan dindarlar bir müddət öncə həbs edilmiş ilahiyyatçı Taleh Bağırlının həbsdən azad olunmasını tələb ediblər. Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib ki, aksiya gur keçib, polis mitinqə müdaxilə etməyib.  Qeyd edək ki, dörd ay əvvəl azadlığa çıxmış ilahiyyatçı Taleh Bağırov bu günlərdə həbs edilib. Sabunçu Rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Taleh Bağırovun həbsdən azad olunması tələbi əslində aksiya üçün bəhanə olub. Nardaran aksiyasının əsas məqsədi İranpərəst qüvvələrin güc nümayişi idi. Aksiya Azərbaycan dövləti və onun başçısı haqqında sərt ifadələr işlədilib. "Amerikaya ölüm" şüarı isə aksiyanın İranın sifarişi olduğunu bir daha təsdiqləyir. "İmam Hüseyn" meydanına toplaşmış Nardaran sakinləri sosial-iqtisadi problemlərdən də şikayətləniblər.  Maraqlıdır ki, Nardaranda hansısa küçədə yol yoxdursa, kanalizasiya boruları partlayıbsa, kənd sakinləri iş tapa bilmirlərsə, buna ABŞ dövləti suçludurmu? Və bir kəndin sakinlərinin toplaşıb dövlətə meydan oxuması, prezidentə sərt sözlər deməsi nə dərəcədə normaldır? Kəndin bələdiyyəsi, kəndin aid olduğu rayonun, şəhərin rəhbərliyi var. İradlar da onlara bildirilməlidir.   Aydınca görünür ki, Nardaran aksiyası siyasi sifarişdir. Əvvəla, həbs edilən Taleh Bağırovun özü də İranın yetişdirməsidir. Xütbələrinə qulaq asanda sanki qarşında Qum mollasının danışdığını zənn edirsən. Qum boğazı, Qum jarqonları, Qum siyasi terminologiyası. Adam sanki Azərbaycan Respublikasının vətəndaşı olduğunu belə unudub. İrəli sürülən ittihamla, çəkəcəyi cəza ilə işimiz yoxdur. Nə cəza çəkəcəyini məhkəmə müəyyən edəcək. Məsələ Taleh Bağırov kimi din xadimlərinin İranın toruna düşməsindədir. Nardaran Ağsaqqallar Şurası da öz ampluasındadır. Bu qurum neçə ildir İranın Nardarandakı nümayəndəliyi funksiyasını yerinə yetirir. Bu dəfə də aksiya sifarişi İrandan gəlib. Ağıllarınca, ötən şənbə günü Bakıda keçirilən beynəlxalq "Güney Azərbaycanın sabahı" adlı konfransa etiraz edirlər. Məlumdur ki, İran dövləti bu konfransla bağlı Azərbaycan nota vermişdi. İran dövləti hesab edir ki, bu ölkədə haqqı tapdanan, ana dili əlindən alınan 35 milyonluq türkün hüquqlarını müdafiə etmək, ondan danışmaq suçdur və Azərbaycan bu konfransın keçirilməsinə imkan verməməli imiş. İran balaca bir Nardaran kəndini Güney Azərbaycanla müqayisə edir. Güney Azərbaycan türkləri ayağa qalxan kimi, Bakıda güneylilər toplantı keçirən kimi Nardaranda da aksiya keçilir, "İmam Hüseyn" meydanına İran rüzgarı əsir. Nardaran sakinlərinin İranın təsirinə düşməsi üzücüdür. Amma sevindirici olan odur ki, İranın bundan artığına gücü çatmır. Azərbaycan Respublikasını İrandakı 35 milyon türk toplumu dəstəkləyirsə, İranın sözünü balaca bir kənd deyir. Deməli, İranın illərdir xomeyniçiliyin yayılmasına yönəldyii milyonlar da havaya sovrulmuiş sayıla bilər. Bu məmləkətin insanları İranın təbliğ etdiyi cəhalətə, qaramata yox deyir.

Hüseyn Meşkinlİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00