“Azərbaycanda İranın casus şəbəkəsi fəalliyyət göstərir” - ŞƏRH

Zahid Oruc: “İran Azərbaycandakı müxtəlif etnik zümrələrdən ayrı-ayrı kartları əleyhimizə yönəldə bilər”

İran yenidən Azərbaycana qarşı aqressiv mövqeyini ortaya qoyub. Bu günlərdə Bakıda Güney Azərbaycandakı vəziyyət və oradakı problemlərlə bağlı keçirilən toplantıya etiraz əlaməti olaraq Tehran Azərbaycana nota verib. Eyni zamanda Azərbaycanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılaraq ona irad bildirilib.  Artıq bir neçə dəfədir ki,  Azərbaycana əsassız olaraq nota verən İranın bu addımı haqlı olaraq rəsmi Bakıda etirazla qarşılanıb. Əksəriyyət, molla rejiminin bu addımını Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirib. Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin üzvü Zahid Oruc bildirib ki, İranın sözügedən məsələyə reaksiyasını iki aspektdən dəyərləndirmək olar: "Birinci növbədə ötən dövr ərzində ölkəmiz İrandan Azərbaycana pənah gətirən və burada sığınacaq tapan, sonrakı dövrdə müəyyən ictimai-siyasi fəaliyyət aparmağa cəhd edənlərin sanki çərçivə fəaliyyətini yaratmağa çalışdı. Çünki bu öz-özlüyündə sanki bizim dövlətimizin rəsmi kursu kimi İran əleyhinə bir kampaniya xarakteri daşıya bilərdi. Hətta əksər hallarda bu ölkəmizin İrana qarşı ərazi iddiası təqdimatı kimi dəyərləndirilərdi. Bu cəhətdən ölkə rəhbərliyi bu həssas məsələni hər zaman nəzarətində saxladı. Bir sıra hallarda bəlkə də beynəlxalq konvensiyaların tələblərinə zidd olaraq həmin şəxslərin fəaliyyəti müəyyən bir səviyyədə tənzimləndi. Halbuki istənilən Avropa ölkəsində antiİran yönümlü hərəkatlar həmin siyasi qüvvələr, iqtidarlardan asılı olmayaraq, sırf hüququn, qanunun yol verdiyi çərçivədə müəyyənləşir. Buna adekvat da İran dövləti hansısa notalar, etiraz bəyanatları və başqa xarakterli təxribat demarşları ilə çıxış edə bilmir. Azərbaycana gəldikdə isə görürük ki, burada fəaliyyət tamam başqa bir xarakter daşıyır". Millət vəkili deyir ki, ötən dövr ərzində İranın özündə dövlətin himayəsi altında olan müxtəlif qurumların respublikamız əleyhinə fəaliyyəti inkarolunmaz fakt kimi ortadadır: "Bu istiqamətdə İran hansı addımları atıb? Biz yalnız "Səhər" kanalı, və ya ayrı-ayrı media orqanlarının fəaliyyətindən danışmırıq. Söhbət ayrı-ayrı hərəkatlar, təşkilatlar, ETTALAAT, İnqilab Keşikçiləri Korpusunun himayəsinə bağlı olan hansısa dərnəklərdən gedir. Mən bura üçüncü bir məqamı da əlavə edərdim. Bu da ondan ibarətdir ki, müxtəlif mədəni birliklər, hansısa ictimai, humanitar və maliyyə qurumları formasında sanki İranın cəsus şəbəkəsi bu ölkədə fəaliyyət aparmaqdadır. Necə ola bilər ki, onlara meydan tanımaq, tribuna verməyə İran xüsusi münasibət bildirmir və Azərbaycana reaksiya vermir, ancaq bir tədbir, toplantı Azərbaycanın İran əleyhinə savaşının ideya siyasi cəhətinin cəbhəsi kimi dəyərləndirilir. Bu da maraqlı məsələlərdən biridir". Zahid Oruc hesab edir ki, İran Azərbaycandakı müxtəlif etnik və milli zümrələrdən ayrı-ayrı kartları əleyhimizə yönəldə bilər: "Həmçinin Qarabağdakı ermənilərin fəaliyyətini daha cilovlanmaz hala gətirmək üçün tədbirlərini intensivləşdirə bilərlər". Millət vəkilinin sözlərinə görə, İran açıq-aşkar işğalçı Ermənistana dəstək nümayiş etdirməklə Azərbaycanın əleyhinə fəaliyyət göstərdiyini ortaya qoyur: "Aşkar şəkildə onu bilirik ki, İranın nəinki Ermənistanla sərhədləri bağlaması, hətta bu ölkəyə iqtisadi-siyasi yardımların kəsilməsi yetər ki, Qarabağ problemi tez bir zamanda tənzimlənmiş olsun. Ancaq biz bunu İrandan görmürük və İran gerçəklikdə tamam başqa bir fəaliyyəti həyata keçirir. Əgər İran gerçəklikdə tamam başqa bir siyasət həyata keçirirsə Azərbaycanın da buna qarşılıq adekvat reaksiya verməsini düzgün qiymətləndirmək lazımdır. Əminəm ki, İran nəhayət beynəlxalq hüquq prinsiplərinin arealında olduğunu başa düşəcək. Buna bağlı olaraq Azərbaycana qarşı hansısa hücum kampaniyasi həyata keçirməkdənsə öz ölkəsi içərisində  hüquqi-siyasi şərtləri yumşaltsın, öz vətəndaşı ilə problemlərini həll etsin. Daxildə toplaşmış antiİran qüvvələrinin günahını Azərbaycan hakimiyyətində axtarmasın. Əksinə daha sıx dərəcədə hazırkı hökumətin, dövlət rəhbərliyinin, dini dairələrin son dərəcə dözülməz münasibətlər sistemində və xalqa bağlı ağır şəraitdə axtarsın. Əgər beynəlxalq sanksiyaların nəticəsi olaraq İran problemi Azərbaycanla bu cür notalarla həll etmək istəyirsə bu heç də xalqın diqqətini yayındırmaq üçün predmet ola bilməz. Yəni Azərbaycan olmadan da belə, İranın daxilində problemlər mövcuddur, onun beynəlxalq məkanla ixtilafları davam edir. Belə olan halda onun günahını bizim üstümüzə atmağın nə mənası var?".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00