Milli Demokratiya İnstitutu rəsmi Bakıya hesabat verə bilmir
2 Aprel 2013 14:14 SiyasətMənsur Cəfərov "OLAYLAR İA". Ağ Evin xarici siyasət idarəsinin sözçüsü Viktoriya Nuland rəsmi Bakının ABŞ-ın Milli Demokratiya İnstitutu barədə bəyanatına münasibət bildirərək deyib ki, o, bu barədə rəsmi məlumata malik deyil: "Biz onları yoxlayacağıq. Lakin məlumdur ki, ABŞ-ın maliyyələşdirdiyi bütün demokratiya layihələri son dərəcə sərt qaydalar çərçivəsində fəaliyyət göstərirlər. Onlar konkret hansısa siyasi partiyanı, yaxud ideoloji xətti maliyyələşdirmirlər, bütün siyasi qüvvələrə qərəzsiz yanaşırlar". "ABŞ rəsmiləri Milli Demokratiya İnstitutunu müdafiə etməlidirlər və bundan sonra da edəcəklər. Azərbaycanın prokurorluq strukturları isə həmin idarənin maliyyə xərclərinin şəffaf olmadığını bildirir". Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli "OLAYLAR"a açıqlamasında belə deyib. Q.Hüseynlinin sözlərinə görə MDİ rəhbərliyi bankdan çəkdiyi 1 milyon dollar maddi vəsaitin hara xərclədiyi barədə rəsmi Bakıya hesabat verə bilmir: "Əgər MDİ öz fəaliyyətini həqiqətən də şəffaf istiqamətdə təsdiqləyə bilsə, Azərbaycan dövləti idarənin işlərinə müdaxilə etməyəcək. Təşkilat bunu təsdiqləyə bilməsə o zaman MDİ-nin qeyri-şəffaf fəaliyyəti ilə bağlı qərar qəbul ediləcək. Amerikanın rəsmi hakimiyyət dairələrinin hansı fikri irəli sürüb sürməməsindən asılı olmayaraq bütün əldə edilən faktlar Azərbaycan qanunvericiliyinə uyğun həyata keçiriləcək. Azərbaycan qanunlarına əsasən MDİ öz fəaliyyəti barədə rəsmi Bakıya hesabat verməlidir" ("OLAYLAR" İA)