Qubada erməni vəhşiliyi ifşa olundu
1 Aprel 2013 18:01 SiyasətAzərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" mövzusunda Heydər Əliyev Mərkəzində beynəlxalq elmi konfrans keçirib. İnstitutdan "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, konfrans öz işinə qonaqların Quba kütləvi soyqırımı məzarlığına ziyarəti ilə başlayıb. Konfransda AMEA-nın müxbir üzvü, Məclisin deputatı Vahid Əhmədov, Türkiyənin millət vəkili Tülay Selamioğlu , almaniyalı professor Rudolf Kunş, türkiyəli prof., Dr. Mehmet Saray, gürcüstanlı Prof., Dr. Quram Marxuliya və başqaları çıxış edərək Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımların tarixindən, coğrafiyasından danışıblar. Çıxış edən alimlər Quba məzarlığını insanlığa qarşı dəhşətli vəhşilik, cinayət bütün dünyanın qəbul edə biləcəyi tutarlı sübut hesab etdilər. Konfransın xarici ölkələrdən gələn qonaqları müxtəlif mətbuat səhifələrində və telekanallarda çıxış edərək ermənilərin törətdikləri bu cür soyqırımların bəşəriyyətə qarşı cinayət olduğunu, bu istiqamətdə elmi əsərlərin yazılması və müxtəlif dillərə tərcümə olunmasının zəruriliyini bildiriblər. Konfransda Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilən soyqırımlarla bağlı sənədləri dünya ictimaiyyətinə çatdırmaq üçün daha çox işlərin görülməli olduğu, onların xarici dillərə tərcüməsi, internetdə, sosial şəbəkələrdə təbliğatının genişləndirilməsinin vacib olduğu vurğulanıb.