Polad Bülbüloğlu diasporadan niyə qaçır?

Azərbaycan Jurnalistlər Birliyi və Rusiya Yazıçılar Birliyinin üzvü Valeri Tatarintsev ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna ünvanladığı açıq məktubunda ciddi ittihamlar irəli sürüb. Məktub müəllifi konkret olaraq səfiri diasporamızın fəaliyyətinə diqqətsizlikdə suçlayıb. Bildirib ki, Rusiyadakı elçimiz hətta siyasi cəhətdən fəal diasporun tədbirlərinə qatılmır. Buna misal olaraq bu günlərdə Novruz bayramı və Xocalı soyqırımı ilə bağlı Moskvada təşkil edilən tədbirlərə qatılmamasını göstərib: "Siz istər xoş günlərdə, istərsə də hüzn günlərində soydaşlarımıza tüpürürsünüz. Bundan sonra haqqınızda nə düşünməliyik? Bir azərbaycanlı kimi sizə, dəstəyinizə necə güvənə bilərik? O cümlədən həmrəyliyinizə artıq bel bağlamırıq". Dünya Azərbaycanlıları Konqresinin üzvü, Konqresin Nəzarət-Təftiş Komissiyasının sədri Samir Əsədli "Olaylar"a bildirib ki, səfirin diasporun tədbirinə qatılmaması obyektiv səbəblərdən ola bilər: "Polad Bülbüloğlunun tədbirə qatılıb qatılmaması onun öz səlahiyyətləri daxilindədir. Ümümilikdə isə səfirin hansısa diaspor təşkilatı ilə problemi varsa, bu məsələ onların öz arasında həll olunmalıdır. Bunu şişirdib böyütməyin mənası yoxdur". Onun sözlərinə görə, diaspora təşkilatları arasında ayrıseçkiliyə yol vermək olmaz. Xüsusu tapşırıqla diaspor təşkilatlarınin parçalanması düzgün siyasət deyil: "Təkcə Polad Bülbüloğlu deyil, bütün səfirlər diaspora təşkilatlarına ikili standartla yanaşmamalıdırlar. Birinə doğma, digərinə ögey kimi baxmaq, onların tədbirlərinə qatılmamaq düzgün deyil. Hansı səfirin hansı diaspor təşkilatı ilə münasibəti yoxdursa, bunu ümumilikdə diasporanın fəaliyyətinə tətbiq etmək olmaz. Millət, dövlət, xalq məsələlərinə baxış bir olmalıdır. Əgər səfir Xocalı ilə bağlı bir təşkilatın tədbirinə qatılır, digərinə isə qatılmırsa hesab edirəm ki, bu düzgün yol deyil. Çünki bu, diaspor təşkilatlarının fəaliyyətinin zəifləməsi, onların parçalanmasına gətirib çıxaran amillərdəndir".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirib ki, Azərbaycan prezidentinin diaspora ilə bağlı xüsusu siyasəti var: "Diasporaya qayğı göstərilməsi hər bir Azərbaycan məmurunun, o cümlədən istənilən ölkədə fəaliyyət göstərən səfirin vəzifə borcudur. Ola bilsin ki, səfir işinin çoxluğu, bu və ya digər səbəblərdən diasporun tədbirində iştirak etməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00