Ölüm hökmünün ləğvi, yoxsa vaxt itkisi? - ŞƏRH
1 Aprel 2013 17:20 SiyasətMillət vəkili Fazil Mustafanın qəddar, vəhşi cinayət törədən insanların həbslə yoх, ölümlə cəzalandırılmasının tərəfdarı olması ilə bağlı açıqlaması ölkə ictimaiyyəti, hüquqşünaslar tərəfindən birmənalı qarşılanmadı. Məsələnin humanistlik tərəfinə gəlincə, millət vəkili düşünür ki, cinayətkara birdəfəlik ölüm hökmünün verilməsi onun ömürlük həbsdə çürüməsindən daha hümanist addımdır.
Hüquqşünas Əlövsət Allahverdiyev bildirdi ki, hər zaman real olmayan məsələləri müzakirə etməyin və vaxt itirməyin əleyhinə olub. Onun sözlərinə görə, son günlərdə ölüm cəzasının bərpası ilə bağlı ortaya atılmış ideya hamını çaşdırıb: "Ölüm cəzasını tələb edənlərin və ona qarşı çıxanların hər birinin fikrinə hörmətlə yanaşıram və hər iki tərəfin tələbini müxtəlif aspektlərdə haqlı hesab edirəm. Məlumdur ki, ölkəmiz 1998-ci ilin fevralında ölüm cəzasını ömürlük həbs cəzası iıə əvəz etdi. Təbii ki, bu səbəbsiz deyildi. Konstitusiyasında dövlətin ali məqsədi kimi insan hüquqlarının təmin olunmasını bəyan etmiş, ümumbəşəri dəyərləri üstün tutduğunu bəyan etmiş və habelə Avropa Şurasına üzv olmaq üçün tələb olunan prosedurları keçmiş bir dövlət necə ola bilər ki, yenidən ölüm cəzasını bərpa etsin? Biz Avropa dəyərlərinə can atırıqsa, Avropanın antihumanist addım hesab etdiyi ölüm cəzasını bərpa edə bilərikmi? İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq birlik tərəfindən qəbul olunmuş Konvensiya, müqavilə və Paktlara qoşulmuş bir dövlət hansı əsasla yenidən ölüm cəzasını bərpa edə bilər?
Reallıq budur".
Məsələnin ikinci tərəfinə gəldikdə isə, Əlövsət Allahverdiyev nəzəri məsələləri bir kənara qoyub məsələyə başqa prizmadan yanaşmaq istədiyini bildirdi: "Yuxarıda sadaladığım amillərə baxmayaraq mən də istəyirəm ki, vətənə xəyanət edən, casusluq edən, əxlaqsızlıqla məşğul olan, insani hisslərini itirərək günahsız körpənin qatilinə çevrilən, 5 yaşında körpəni zorlayan cinayətkarlar birdəfəlik fiziki baxımdan məhv edilsin. Onların hansısa formada islah olunması qətiyyən mümkün deyil. Onların ölüm cəzasına məhkum olmaları yenidən onlara şans verməyəcək ki, nə zamansa azadlığa çıxmaq imkanları olsun. Təəssüflər olsun ki, onlar ölüm cəzasına məhkum olunsalar belə bu cür cinayətlərin dairəsi heç də azalmayacaq. Amma əsas odur ki, əməlləri ilə hamını ağrıdan, hər kəsin hisslərinə toxunan cinayətkarlar ölümə məhkum olacaqlar. Lakin indiki zamanda bizim bunu edə biləcəyimiz nə qədər real görünür? Əlbəttə heç bir halda real görünə bilməz. Amma unutmaq olmaz ki, ömürlük həbs cəzası da məhkumlar üçün o qədər arzuolunan deyil. Bu cəzaya məhkum olanlar ölümü daha çox məqbul hesab edirlər. Real hesab etdiyimiz məsələlər budur, dəyərli dostlar! Biz belə cinayətkarların yaşamasını istəməsək belə bu gün belə cəzanın bərpası və tətbiqindən danışmaq vaxt itkisindən başqa bir şey deyil".
Millət vəkili Məlahət İbrahimqızı qanunvericilikdə ölüm hökmünün yenidən bərpa olunmasına zərurət olmadığını bildirdi: "Bununla bağlı Mlli Məclisdən aidiyyatı komitənin üzvləri, sədrləri, peşəkar hüquqşünaslar da öz sözünü deyib. Dünyada bütün qanunlar humanizmə doğru gedir. İnsanın canını ancaq Allah ala bilər. Biz insan qatillərini lənətləyir, pisləyirik. Amma hansı cəza işlədibsə-işlətsin, bizdə onun cəzası da var. Ölüm çoх asandır. Amma ömürlük məhkum olmaq, ən ülvi hisslərdən məhrum olmaq ölümdən də dəhşətlidir. Hər bir insan bir cana borculudur. Gec-tez o yolu hamı keçir. Yenə qeyd edim ki, ölüm hökmünün yenidən qəbul olunmasına zərurət yoхdur". Millət vəkili bildirdi ki, bəzi ölkələrdə-Amerikanın bəzi ştatlarında, Avropada-Fransada, Çində, İranda, Əfqanıstanda ölüm hökmü var: "Amma hesab edirəm ki, bu ölkələr də yavaş-yavaş ölüm hökmünün ləğv olunması ilə bağlı müzakirələr aparırlar".
Aygün