Minsk qrupu öz təzyiq vasitələrindən isrifadə etmir - FİKİR
1 Aprel 2013 16:19 Siyasət"Azərbaycan sülh istəyən, əmin-amanlıq tərəfdarı olan ölkə kimi, 20 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hər zaman danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu ortaya qoyub. Məhz elə bu səbəbdən ölkəmiz münaqişənin dinc, danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, onun həmsədrlər institutu formatına üstünlük verib". Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib. S.Qafarova bildirib ki, böyük gözləntilər olmasına baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən dövr ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səmərəli fəaliyyət ortaya qoya bilməyiblər. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun yaranmasından, həmsədrlər institutu formatının formalaşdırılmasından illər ötsə də, münaqişənin həlli istiqamətində bir addım belə olsun, irəliyə doğru addım atılmayıb: "ATƏT-in Minsk qrupu, xüsusilə, həmsədrlər ötən müddət ərzində sadəcə, regiona səfərlər etməklə, görüşlər keçirməklə, müxtəlif məzmunlu bəyanatlar verməklə kifayətləniblər. Onlar təcavüzkarın yerində oturdulması, konstruktiv mövqeyə gəlməyə məcbur edilməsi istiqamətində heç bir tutarlı addımlar atmayıblar, öz təzyiq mexanizmlərindən istifadə etməyiblər. Danışıqlar prosesi nə qədər uzun çəksə də, Azərbaycan tərəfi olaraq, sülh imkanlarının, sülh limitinin tükənmədiyi qənaətindəyik. Bu baxımdan da, vasitəçilik missiyasını boynuna götürən ATƏT-in Minsk qrupu və onun həmsədrlər institutundan əməli, konkret, səmərəli fəaliyyət, münaqişədən əziyyət çəkən, işğala, təcavüzə məruz qalan tərəf olaraq, müsbət sonluqlu nəticə gözləyirik". Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin aprelin əvvəllərində regiona səfəri planlaşdırılır.