Türk dünyasının inteqrasiyasında misilsiz xidmətləri olan şəxsiyyət
1 Aprel 2013 15:12 SiyasətÖtən əsrin 90-cı illərində sosializm sisteminin dağılması dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklərə gətirib çıxardı. Formalaşmaqda olan yeni dünya düzəni müstəqil respublikaların meydana gəlməsi prosesini sürtətləndirdi. Dünyada gedən proseslərdən kənarda qalmayan Azərbaycan da 90-cı illərin əvvəllərində öz müstəqilliyini elan edərək yeni bir dövrə qədəm qoydu. Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra dəyişən tarixi şərait yeni xarici siyasət kursu tələb etsə də, lakin həmin dövrdə mövcud olan hakimiyyətlər heç də bu işin öhdəsindən gələ bilmir, əksinə həyata keçirilən yanlış xarici siyasət kursu regional və beynəlxalq aləmdə Azərbaycanın ziyanına işləyirdi. Getdikcə çətinləşən vəziyyət, daxili və xarici siyasət sahəsindəki uğursuzluqlar ölkə rəhbərliyinə yeni bir simanın gəlməsini qaçılmaz edirdi. Artıq xalq gözəl bilirdi ki, Azərbaycanı düşmüş olduğu çətin durumdan yalnız zəngin idarəçilik təcrübəsi olan Heydər Əliyev xilas edə bilər. Beləliklə, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev ilk olaraq ölkəni düşmüş olduğu vəziyyətdən çıxardı. Qısa müddət ərzində Azərbaycanda xaos və anarxiyaya son qoyaraq siyasi sabitlik yaradan ümummilli lider sonrakı mərhələdə ölkənin iqtisadi inkişafı və düsgün xarici siyasət kursunun seçilməsi istiqamətində çalışmağa başladı. Azərbaycanın mühüm geostrateji məkanda yerləşməsi keçmiş SSRİ-nin dağılmasından sonra postsovet məkanında mürəkkəb və ziddiyətli vəziyyətin hökm sürməsi regiondakı münaqişələrin həllinin vacibliyini qarşıya qoyurdu. Bu baxımdan Xəzər dənizinin beynəlxalq hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinə Azərbaycanın münasibəti olduqca ədalətli oldu. Xəzəryanı dövlətlərdən üçünün türkdilli, Rusiya və İranda isə çoxlu sayda türk mənşəli əhalinin yaşamasını nəzərə alsaq, status məsələsinin müəyyənləşdirilməsində hansısa dövlətin maraqlarına qarşı ədalətsiz mövqe ortaya qoyulması həm dövlətlərarası, həm də xalqlararası münasibətlərə ciddi zərbə vurardı. Heydər Əliyevin qətiyyətli iradəsi sayəsində Azərbaycanın irəli sürdüyü təklif-orta xətt prinsipi üzrə Xəzərin dibinin milli sektorlara bölünməsi, suyun səthinin isə ümumi istifadədə qalması, sahil xəttinin koordinatlarının müəyyən edilməsi artıq üç dövlət tərəfindən qəbul edilmişdi. Bu isə öz-özlüyündə Heydər Əliyevin türkdilli ölkələrin dövlətçilik maraqlarına sədaqətli qaldığını bir daha sübut edirdi.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda türkdilli dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilirdi. Düzdür, türkdilli dövlətlər XX əsrin 90-cı illərindən başlayaraq ikitərəfli əlaqələrin genişləndirilməsinə diqqət ayırsalar da, lakin bu proses o qədər də arzuedilən səviyyədə getmirdi. Ümummilli lider Heydər Əliyev isə öz növbəsində bu reallığı görür, təhlil edirdi. Heydər Əliyev türkdilli dövlətlərin yeni dünya düzənində layiqli yer tutması üçün fəaliyyət planının konturlarını müəyyənləşdirir, ölkələrin səylərini birləşdirməyə çalışırdı. Bu baxımdan Heydər Əliyev
Azərbaycanın iqtisadi, siyasi, ictimai problemlərinin həllındə türk dünyasınm imkanlarından istifadə etmək, türk dünyasının qüvvələrini birləşdirmək, hər hansı türk dövlətinin problemlərinin həllində türk dünyasının birgə hərəkətini təmin etmək, türk dünyasınm beynəlxalq nüfuzunun daha da gücləndirilməsinə çalışmağı vacib hesab edirdi.
Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirir, Türkiyə Ctimhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün tarixi fəaliyyətini dönə-dönə dəyərləndirir, onu "iyirminci əsrin bəşəriyyətə verdiyi böyük dühalardan" biri hesab edirdi. Təsadüfi deyil ki, ümummilli lider böyük Atatürkün irsini öyrənmək, onun ideyalarını təbliğ etmək üçün xüsusi bir mərkəz-Atatürk Mərkəzi yaratmışdı ki, qısa bir müddətdə həmin Mərkəz xeyli işlər görmüşdü. Heydər Əliyev tarixi Türküstan ərazisində yerləşən Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan ilə də müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi. Heydər Əliyevin həmin türk regionunun dövlət xadımləri, siyası-ictimai liderləri ilə sovet dövründəki sıx əlaqələri yeni münasibətlər sistemində ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulmasına öz müsbət təsirini göstərirdi. Bu müsbət tendensiya Heydər Əliyevin türk birliyi ideyasının reallaşmasına təkan verirdi. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə Orta Asiya respublikalarına səfərləri zamanı keçirdiyi hər bir görüşdə türkdilli dövlətlərin birlik və bərabərliyinin vacibliyini vurğulayan Heydər Əliyev deyirdi: "Biz vacib problemlərimizin həll olunması üçün bir-birimizə kömək göstərməli, yardım əlimizi uzatmalıyıq, parçalanmanın və təklənmənin qarşısını almalıyıq, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik. Belə görüşlərin daimi xarakter almasını ürəkdən alqışlayıram. Tarixi mənşəyimiz, qarşıda duran məqsəd və problemlərin oxşarlığı, milli mənafelərimizin birliyi-bütün bunlar bizim strateji əməkdaşlığımızın etibarlı təməlidir və gələcəyimizə nikbin baxmağa imkan verir". Heydər Əliyevə görə türk dünyasının yüksəlişi ilk növbədə bir sıra vəzifələrin həyata keçirilməsi ilə bağlıdır. Bu sıraya dövlət müstəqilliyinin qorunub saxlanılması və türkdilli xalqlar arasında əlaqələrin bütün sahələrdə intensivləşdirilməsi, siyasi və sosial-iqtisadi islahatların ardıcıl olaraq reallaşdırılması, dünyəvi, hüquqi-demokratik cəmiyyət quruculuğu, beynəlxalq aləmə sıx inteqrasiya yolunu tutmaqla türklük düşüncəsinin, milli və bəşəri dəyərlərin inkişaf etdirilməsi aiddir.
Ümumtürk birliyi ideyasının reallaşdırılması prosesində Heydər Əliyev türkdilli dövlətlərin zirvə toplantılarına xüsusi yer verirdi. O, keçirilən hər bir zirvə görüşündə türkdilli ölkələrin inteqrasiyası, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayırdı. Heydər Əliyevin bu təşəbbüskarlıq və əzmkarlığı nəticəsində Azərbaycan türk dünyasının mərkəzi statusunu qazanırdı. 1998-ci ildə Türkdilli Dövlət başçılarının V zirvə görüşündə Heydər Əliyevin növbəti görüşün Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etməsi bunu bir daha təsdiqləmiş oldu. Beləliklə, Türkdilli dövlət başçılarının VI zirvə görüşü əsrin və minilliyin başlaması ərəfəsində, 2000-ci ilin aprel ayında Bakıda keçirildi. Zirvə görüşünün iştirakçıları Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasına dair 1998-ci ilin sentyabr ayında keçirilən beynəlxalq Bakı konfransının qərarları əsasənda Şərq-Qərb nəqliyyat dəhlizi yaradılmasının türkdilli xalqların inkişafına və dünya birliyinə inteqrasiyasına təkan verəcəyini bildirdilər. Zirvə görüşündə xüsusi qeyd olundu ki, harada yaşamasından asılı olmayaraq türkdilli xalqların həmrəyliyinin təməlində onların dinlərinə, bayraqlarına fərq qoymadan bütün türkləri qardaş saymaq anlayışı durur. Heydər Əliyevin timsalında türk birliyinin mənafe və mövqeyinin qətiyyətlə nəzərə alınması ümummilli liderin uğurlu neft strategiyasının nəticəsi olaraq imzalanan "Əsrin müqaviləsi"ndə də öz əksini tapırdı. İstər Bakı-Tbilisi-Ceyhan neft, istərsə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişində daim Türkiyə ilə eyni mövqedən çıxış edən Azərbaycan sözügedən layihələrin gerçəkləşməsi zamanı iki dost, qardaş xalqın mövqeyini qətiyyətlə dəstəkləyirdi. Bu layihələri həyata keçirmək üçün o zaman kifayət qədər maddi imkanları olmayan Azərbaycanın kəmərin çəkilişinə maliyyə vəsaiti ayıran tərəflərin istəklərinə qarşı çıxaraq neft-qaz kəmərlərinin məhz qardaş Türkiyənin ərazisindən keçməsinə israr etməsi də Heydər Əliyevin Türkiyəyə, türkçülüyə verdiyi önəmin götəricisi idi. Bu gün eyni məqsəd və məram Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Hazırda da yeni dünya düzənində vahid güc, ortaq maraqlar türk dövlətlərinin timsalında özünü büruzə verir. Dünyadakı qaz ehtiyatlarının 22 faizinə sahib olan türk dövlətləri həmçinin qlobal enerji dəhlizlərinin sahibinə çevrilməkdədirlər. Türk dövlətlərinin tarazlaşdırılmış enerji diplomatiyası Avropada belə bir inam yaradır ki, Xəzərin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ən mükəmməl və yeganə geoiqtisadi vasitədir. Çünki Xəzər dənizinin neft-qaz ehtiyatlarının, eləcə də "Şahdəniz" qazının nəqli coğrafi ərazi baxımından türk dövlətləri birliyinin təməlini qoymaqla bu ölkələrin bölgədə siyasi qüdrətinin artmasına təkan verir. Eyni zamanda TANAP kimi önəmli layihənin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması barədə Ankara ilə Bakı arasında razılığın əldə olunması türk xalqlarını daha da birləşdirir, ölkələrimizə əlavə maliyyə resursları gətirir. Bu gün Azərbaycan neft-qaz sahəsində Türkiyə, Türkmənistan, Qazaxıstanla çox səmərəli fəaliyyət göstərir. Türkdilli ölkələrin daha böyük anlamda əməkdaşlıq, birlik və həmrəylik nümunəsindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişidir. Sözügedən dəmir yolu xəttinin tikintisi təkcə Türkiyəni Azərbaycanla dəmiryolu vasitəsilə birləşdirməyəcək. Bakı-Tbilisi-Qars xətti eyni zamanda Türkiyəni Orta Asiya, Qazaxıstanla, bütünlükdə Avropanı Asiya ilə birləşdirəcək.
Süleyman İsmayılbəyli
Yazı Zərdabi Mətbuat Mərkəzinin "Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycan KİV-lərində" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunmaq üçün verilir.