Müxalifət Rəsul Quliyevi sıradan çıxarır

Özünü müxalifətdən dışlamaq, sosial bazasını isə El hərəkatına vermək istəyirlər

Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin vaxtaşırı ənənəvi müxalifəti ələ salan açıqlamalar verməsi sonda sabiq spikerlə Müsavat Partiyasını üz-üzə qoyub. Xatırladaq ki, son açıqlamasında ACP lideri ənənəvi müxalifəti Bakıda boş vaxt keçirməkdə, hakimiyyətə gəlmək üçün ciddi atddımlar atmamaqda suçlandırıb. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı eks-spikeri kəskin tənqid edib. "Rəsul Quliyev mənə yuxarıdan aşağı baxdığını deyib. Bu, qeyri-adi bir şey deyil. O xalqa yuxarıdan aşağı baxan, "bədbaxt xalq" deyən birisidir" deyən Arif Hacılı Rəsul Quliyevin bir zamanlar Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə səs vermədiyini yada salıb: "Mən doğrudan da gəlir-çıxar işlərini yaxşı bilmirəm. Belə şeylərdə o mahir olar. Amma mən doğulduğum rayonun da, ölkəmin də problemlərini yaxşı bilirəm. Üzvü olduğu YAP-dan, sədri olduğu ADP-dən qovulan Rəsul Quliyevdən fərqli olaraq ölkənin iki nəhəng təşkilatının - AXC və Müsavatın qurucularından (bərpaçılarından) və rəhbərlərindən biri olmuşam. İndi də ölkənin ən nüfuzlu təşkilatının rəhbərlərindən biriyəm". Arif Hacılı həmçinin Rəsul Quliyevi dövlətçilik təfəkküründən uzaq adam adlandırıb.

Arif Hacılının eks-spikerə hücumları təsadüfi sayıla bilməz. Yada salaq ki, bu açıqlama El hərəkatının yaranması və Rəsul Quliyevin partiyasının elliklə bu quruma birləşməsi ilə bağlı xəbərlərin dövriyyəyə çıxmasına təsadüf edir. Xatırladaq ki, El hərəkatını quran şəxslərin böyük əksəriyyəti "Ağrıdağ" regional qrupunun üzvləridir. Onlar bir müddət öncə eks-spikeri önə çıxarmağa çalışsalar da, ənənəvi müxalifət buna razı olmamışdı. El hərəkatı artıq yaranıb, Eldar Namazov artıq qurumun sədridir. Böyük ehtimalla, "ağrıdağ"çılar da onu, ya da El hərəkatının önərdiyi namizədi dəstəkləyəcəklər. "El hərəkatı projesi" ənənəvi müxalifətindir. Ənənəvi müxalifət "ağrıdağ"çı elektoratın Rəsul Quliyevlə əlaqələrini tamamilə kəsmək, eks-spikeri müxalifətdən dışlamaq niyyətindədirlər. Bu, əslində İsa Qəmbər-Arif Hacılı-Pənah Hüseyn üçlüyünün planıdır. Müsavatın hədəfində təkcə Rəsul Quliyev deyil. İctimai Palataya alternativ yaratmağa cəhd edən, "səkkizləri"in "Asiman" görüşünü təşkil edən bütün siyasi partiya rəhbərləri, o cümlədən, AMİP, ACP, AVİP liderləri hədəfdədir. Müsavatın Rəsul Quliyevi sıradan çıxarma planı əslində, AXCP-nin də ürəyindəndir. Siyasi rəqiblərinin azalması Əli Kərimlinin işinə yarayır. Onsuz da AXCP sədri bu seçkilərdə iştirak etməyəcək. Siyasi kuluarlarda gəzən söhbətlərə görə, AXCP sədri Müsavat başqanına güzəştə gedəcək. Bunun əvəzində isə Müsavat 2015-ci il parlament seçkilərində AXCP-ni dəstəkləməli, Cəbhənin öncüllüyünü qəbul etməlidir.

Rəsul Quliyev ciddi addımlar atmasa, El hərəkatı onun bütün elektoratını ələ keçirəcək, özünü isə müxalifətdən kənarda qoyacaq. Eks-spikerin bu hücumları cavabsız qoyacağı real görünmür. Siyasəti belə urvatsız tərk etməyəcəyi bəlli olan ACP sədrinin bütün gücü ilə Müsavata  qarşı qara piara başlanacağı gözlənilir.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00