Müxalifət hakimiyyəti təxribata çəkir

Millət vəkili: “Qan anonsu çox təhlükəli və zərərli çağırışdır”

"Hesab edirəm ki, müxalifət liderlərindən biri hakimiyyəti sadəcə, təxribata çəkir. Yəni, o öz açıqlaması ilə indidən qan tökülə biləcəyi anonsunu verir". Bunu hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə Müsavat başqanı İsa Qəmbərin mətbuata açıqlamasında qarşıdan gələn prezident seçkilərində və seçkilər ərəfəsində ölkədə qan tökülə biləcəyinə işarə vurmasına və özünün bundan çəkinməsinə münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin sözlərinə görə, mövcud hakimiyyət hər zaman stabilliyin qorunmasınada, vətəndaş hüquqlarının təmin edilməsində, Azərbaycanın durmadan inkişafında maraqlıdır və öz fəaliyyəti ilə buna çalışır: "Hakimiyyət demokratik seçkilər öhdəliyini üzərinə götürüb və hər zaman olduğu kimi, bundan sonra da bu öhdəliyini yerinə yetirməyə, məsuliyyətini doğrultmağa çalışacaq. Ancaq çox təəssüflər olsun ki, İsa Qəmbər və onun kimi bəzi radikal müxalifət liderləri artıq qan anonsu verirlər. Bu, çox təhlükəli bir çağırışdır. Yeri gəlmişkən, bir neçə gün öncə həmin şəxs bir qrup gənclə görüşündə onları küçələrə çıxmağa, meydanlara axışmağa, bolşeviklərsayağı zorakılığa çağırdı. Ancaq o həmin gəncləri seçki məntəqələrinə getməyə, normal təbliğatlarını qurmağa, öz hüquqlarından qanunun imkan verdiyi dərəcədə yararlanmağa çağırmadı. Bu baxımdan, onun indiki çağırışı da çox təhlükəli, zərərli bir çağırışdır və bu çağırış cəmiyyətin ciddi narazılığına səbəb olmalıdır. Bununla belə, hesab etmirəm ki, belə çağırışlarla onlar öz istəklərinə, qanundankənar məqsədlərinə nail ola bilərlər və ya nail olsunlar. Bu, mümkün deyil. Azərbaycan dövləti, iqtidarı bu gün çox güclüdür və ölkədə sabitliyin pozulmaması üçün nə lazımdırsa, bundan sonra da bu istiqamətdə öz addımlarını atacaq. Həmçinin, kimlərinsə istəyindən asılı olmayaraq, növbəti seçkilərin də Azərbaycan qanunvericiliyinə, beynəlxalq standartlara cavab verə biləcək bir səviyyədə baş tutmasına çalışacaq və buna da nail olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00