İranın Azərbaycana notasının hüquqi əsası yoxdur

Cümşüd Nuriyev: “Rəsmi Tehranın bu notası isə Azərbaycana təzyiq etməyin başqa bir formasıdır”

İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda "Çağdaş Güney Azərbaycanın sabahı" mövzusunda konfrans keçirilməsinə etiraz olaraq Azərbaycana nota verib. Səfirliyin mətbuat xidmətinin sədri Seyid Məhəmməd Ayətullahi belə bir toplantının keçirilməsini pisləməklə yanaşı qeyd edib ki, Tehranın Bakı ilə dostluq münasibətlərinin mökəmləndirilməsinə yönəlik siyasəti və Azərbaycanın daxili işlərinə qarışmamağa sadiq qalmasına rəğmən, anti-İran ünsürlərin Azərbaycanda təhqiredici və düşmən hərəkətlərdə bulunaraq, İrana qarşı əsassız olaraq ərazi iddiası irəli sürüblər. İranın Azərbaycana nota verməsinin heç bir hüquqi əsasının olmadığını deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə həmin konfransı keçirənlərin əksəriyyəti İrandan qaçıb Azərbaycana sığınmış siyasi mühacirlərdir, ona görə də Azərbaycan dövlətinin onların konfrans keçirməsinə maneə ola bilməz: "Qanunla da Azərbaycan həmin tədbirə görə heç bir məsuliyyət daşımır. Rəsmi Tehranın bu notası isə Azərbaycana təzyiq etməyin başqa bir formasıdır. Separatçı "Talış-Muğan Respublikası"nı yaratmaq istəyən Əlikram Hümbətov Tehranda toplantı keçirəndə Azərbaycan İrana nota vermədi. İran bu tip hadisələrin qarşısını almadığı üçün Azərbaycandan nəyisə tələb etməyə haqqı yoxdur. Yəni təsir əks təsirə bərabərdir. İran əvvəllər Azərbaycana nə edibsə indi qarşısına çıxır. O tip məsələlərə görə İran hakimiyyətinin Azərbaycan dövlətinə nota verməsi hüquqdan kənar məsələdir. İran dünyada hüquq müstəvisində fəaliyyət göstərməyən dövlət kimi tanınır. Nota İranın səhvlərindən biridir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00