Türkiyə mətbuatı azərbaycanlıların soyqırımından yazacaq

Türkiyədə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü yerli kütləvi informasiya vasitələrində işıqlandırılacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası faciənin anım günü Koceli şəhərində aparıcı yerli kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edəcək. Mətbuat konfransında 1918-ci ilin 31 mart və 1-2 aprel tarixlərində  erməni əsgərlərinin Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə dinc əhaliyə amansızlıqla divan tutması haqqında  məlumat veriləcək. Bundan başqa, martın 30-31-də Koceli, Yalova, İzmir, Əskişəhır, İstanbul şəhərlərində də 31 Mart Soyqırımına həsr olunmuş anım mərasimləri, fotosərgilər, film nümayişlərinin təşkili nəzərdə tutulub. Kiprdəki Azərbaycanlı Tələbələr Birliyi Lefkoşa şəhərindəki Heydər Əliyev prospektində 31 Mart faciəsinin ildönümü ilə əlaqədar yürüş edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00