Rumıniyada 31 mart soyqırımı qeyd edilib
29 Mart 2013 17:49 SiyasətAzərbaycanın Rumıniyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rumınıya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, eləcə də ARDNŞ-in bu ölkədəki nümayəndəliyinin birgə iştirakı ilə 31 mart-Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş tədbir keçirilib. Ölkəmizin Rumıniyadakı səfirliyindən "OLAYLAR"-a verilən məlumata görə, tədbirdə XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi, həmin dövrdən başlayaraq ermənilərin rusların dəstəyi ilə Şimali Azərbaycana köçürülməsi, xalqımıza qarşı törədilən soyqırımlar barədə məlumat verilib. Bildirilib ki, erməni terrorizmi və xalqımıza qarşı törədilən soyqırım təkcə XX əsrin əvvəllərində deyil, bu əsrin 90-cı illərində də həyata keçirilib və bu çirkin siyasət hazırda da davam etdirilir. Çıxış edənlər 1992-ci ilin fevralında Xocalıda həyata keçirilən soyqırımı buna misal göstəriblər. Sonda Avropa Azərbaycanlıları Konqresinin 31 martla bağlı bəyanatı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.