Milli Demokratiya İnstitutunun “demokratik maxinasiyası”

Baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət edib.
Məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Qrant haqqında" Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda"sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilıb.
Nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib. Məlumata görə, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb.

Xarici QHT-lər Azərbaycanı parçalamaq istəyənlərə qrant ayırır

İş o yerə çatıb ki, artıq Azərbaycanda fəaliyyət göstərən, heç bir maneə ilə rastlaşmayan xarici QHT-lər dövlətin daxili işlərinə qarışmaqla yanaşı, həmçinin ölkədə maxinasiyalara da əl atır. Artıq iş o yerə çatıb ki, həmin QHT-lər Azərbaycanda at oynadır. Bu cür QHT-lərin Azərbaycanda fəaliyyəti tam dayandırılmalı, onların ölkədən çıxarılmasına göstəriş verilməlidir. Azərbaycanda fəaliyyət göstərib özünü demokratik qüvvə adlandıran bu şəxslər xalqı parçalamağa,  ölkədə vətəndaş müharibəsi yaratmağa cəhd edir. Həmin təşkilat nümayəndələri Azərbaycanda özünü müxalifət adlandırıb Azərbaycanın inkişafına paxıllıq edən bir qrup şəxsi dünya ictimaiyyətinə müxalifət kimi sırımaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, Azərbaycan dövlətinin sürətli inkişafına mane olmağa cəhd edir. Bu məqsədlə onlar milyonlarla pulu Azərbaycandakı həmin qüvvələrə paylamaqla özlərinə tərəfdaş seçir, havayı pul yemək istəyən şəxsləri manqurtlaşdırmaqla istəklərinə çatmağa can atırlar. Azərbaycanda özünü müxalifət kimi adlandıran bəzi qruplaşmalar da bu təşkilatların ölkədə çaxnaşma yaratmasına dəstək olmaq istəyir. Bu təbii məsələdir və məlumdur ki, həmin şəxslər Azərbaycanda inkişafı görmək istəmirlər. Ona görə ki, həmin şəxslər Azərbaycanda hakimiyyəti zorla ələ keçirən vaxt bu cür inkişaf haqqında deyil, özlərinin şəxsi maraqlarını düşünürdülər. Həmin vaxtlarda daxili çəkişmələr o həddə çatmışdı ki, artıq Azərbaycan inkişafa deyil, uçuruma doğru addımlayırdı. Rus əsarətindən yenicə çıxan, müstəqilliyi əldə edən Azərbaycan həmin vaxt bu cür səriştəsiz şəxslərin əlinə keçdiyindən onlar Azərbaycanı əməlli-başlı dağıtmağa cəhd etdilər və buna nail də oldular. İş o yerə çatdı ki, Azərbaycan 3 yerə parçalanmaq təhlükəsində qaldı. Ölkə həmin səriştəsiz və düşmənpərəst qüvvələr tərəfindən ayrı-ayrı istiqamətlərə dartıldı və parçalanmaq, yenidən müstəmləkə altına düşmək təhlükəsi yarandı. Amma, ümummilli lider Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtması bu səriştəsizlərin özbaşınalığının qarşısını aldı və onları hakimiyyətdən tam uzaqlaşdırdı. Bu prosesdən sonra inkişafa başlayan Azərbaycanın qüdrətlənməsi həmin qüvvələri susmağa vadar etdi. Amma, buna baxmayaraq bu cür qüvvələr Azərbaycan iqtidarını ləkələməklə xalqın gözündən salmağa cəhd etdilər.

Azərbaycanda fəaliyyət göstərən xarici qeyri-hökumət təşkilatlarının məqsədi hamıya məlumdur. Yəni, bu təşkilatlar Azərbaycana xarici kəşfiyyat tərəfindən atılmış, insanları pula ələ almaq üçün göndərilmiş agentlərdir. Onların məqsədi daim fəaliyyət göstərdikləri ölkələrin daxili işlərinə dolayısı ilə mane olmaq, ölkənin inkişafını dünya ictimaiyyətinə təhlükə kimi sırımaqdan başqa bir şey deyil.

Xarici QHT-dən qrant alıb düşməni müdafiə edən yerli müdafiəçilər

Hazırda Azərbaycanda 100-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Ancaq qeydiyyatdan keçməyən, lakin faktiki işləyən təşkilatlar da var ki, onların fəaliyyəti bir sıra suallar doğurur.  Qeydiyyatdan keçən beynəlxalq QHT-lərin maliyyə hesabatlığı çox acınacaqlı vəziyyətdə olduğundan, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyi bilinmir. Bu məsələdə şəffaflıq yoxdur. Mövcud qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə məlumat dövlət və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat verməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir.

Amma, bu gün Azərbaycanda fəaliyyət göstərən və qeydiyyatdan keçməyən bu təşkilatların Azərbaycan müxalifətinə nə məqsədlə, hansı məbləğdə maliyyə ayırması məlum deyil. Adını "Azərbaycanda demokratiyanın inkişafına maliyyə yardımı ayırmaq" qoyan, heç bir məntiqə, siyasi xəttə söykənmədən hərəkət edən bu qurumlar nə ictimaiyyətə hesabat verir, nə də Azərbaycan hökumətinə. Azərbaycanda QHT-lərin qeydiyyatının və fəaliyyətinin həddindən artıq sadələşdirilməsindən istifadə edən bu qurumlar prosesdən sui-istifadə edir, bölgələrdə qruplaşmalar yaratmaqla insanları bir-birinə qarşı çıxarmaq istəyir.  Həmin şəxslər Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yaradanda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar. Bu təşkilatlar bəzi müxalifətyönümlü təşkilatların düşmənpərəst layihələrini maliyyələşdirməklə Azərbaycanda qarşıdurmaya şərait yaradır. Bu məqsədlə onlar Azərbaycanda həmin "dəstəkçilərinə" ayırdıqları qrantların məbləğini də gizlədir. Bütün bunlarla yanaşı, onlar hətta qrantlar qeydiyyata alındıqdan sonra külli miqdarda maliyyə vəsaitinin ayrılmasını da davam etdirir. Amma, bu barədə də heç kimə məlumat vermirlər. Nəticədə Azərbaycanda demokratiyanı inkişaf etdirmək pərdəsi geyinənlər özləri havadarları ilə birlikdə ölkədə korrupsiya halları yaradır, insanları saxta işlərə cəlb edir, ölkədə korrupsiya və rüşvətxorluğun aradan qaldırılması üçün keçirilən ardıcıl tədbirlərə mane olmağa cəhd edir.

Azərbaycanda hansı sahə xarici QHT tərəfindən inkişaf etdirilib?

Araşdırmalar zamanı məlum olub ki, bəzi beynəlxalq QHT-lər reallıqda mandatlarına aid olmayan məsələlərlə məşğul olur. Onlar rəsmi olaraq müəyyən qrant layihəsi elan edir, lakin reallıqda tamamilə başqa, bir çox hallarda dağıdıcı məqsədlər üçün vəsait ayırırlar. Azərbaycanda müxtəlif sahələri guya inkişaf etdirmək adı ilə bu sahələrə görə bəzi qüvvələrə qrantlar ayıran bu cür təşkilatlar əslində qrantların xərclənməsi zamanı başqa məqsədlərə üstünlük verir. Onlar hansısa sahənin inkişafını, insanların sosial rifahını deyil, planlaşdırılmış siyasətlərini geniş həyata keçirmək, özlərinə tərəfdar seçməyə üstünlük verirlər. Bu da Azərbaycan dövlətinə zərbə vurmaqdan başqa bir şey deyil.

Azərbaycana gələn xarici QHT-lə başqa ölkələrdən niyə qovulublar?

Maraqlıdır, Azərbaycana axışan, "humanist" adı altında min bir hoqqadan çıxan bu təşkilatlar niyə qeydiyyatdan keçdikləri, təsis olduqları ölkələrdə fəaliyyət göstərmirlər? Axı, onların öz ölkələrinin inkişafa daha çox ehtiyacları var. Məgər onlar Azərbaycanın mənafeyini, sosial rifahını o qədərmi çox istəyirlər? Minlərlə kilometrlər dəf edib Azərbaycana gəlib burada "humanst addım" atmaq istəyən bu təşkilatlar hansı məqsəd güdür? Əlbəttə ki, məlumdur. Onlar Azərbaycanda insanların ən sıx olduğu yerlərdə, sosial şəbəkələrdə gənclərin dünyagörüşünü radikallaşdırmaqla onları təşkilatlandırır, pul hesabına qanunsuz tədbirlərdə iştiraka stimullaşdırırlar. Belə təşkilatların bəzi nümayəndələri əvvəllər işlədikləri ölkələrdə vətəndaşları kütləvi iğtişaşlara təhrik etdikləri üçün həmin ölkələrdən xaric ediliblər. İndi isə onlar bu niyyətlərini Azərbaycanda davam etdirirlər. Və yaxşı ki, Baş Prokurorluğun araşdırmaları zamanı həmin təşkilatlardan olan Milli Demokratiya İnstitutunun bu maxinasiyaları üzə çıxdı. İnanıram ki, yaxın vaxtlarda aparılan araşdırmalar nəticəsini verəcək və onların daha çirkin əməlləri üzə çıxacaq.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00