31 mart-yüz minlərlə türkün qətliamı günü
29 Mart 2013 14:26 Siyasətİki əsrdən artıqdır ki, erməni millətçiləri və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib. Mənfur ermənilərin mənfur siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçiləri və ideoloqlarının uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olub. Ermənilərdən fərqli olaraq tarixə baxmaq bizim xeyrimizədir. Çünki XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.
Keçmiş Sovet İttifaqının dağılması ərəfəsində yaranan xaosdan istifadə edən Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə daha da ağır vəziyyət alıb və Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. Həmin il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca 31 mart və 1-2 aprel tarixlərində qırğınlar kütləvi şəkil alıb, silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetiriblər.
Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakı və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı qəddarlıqla öldürülüb, məscidlər, məktəb binaları yandırılıb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərini, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar.
Təkcə Quba qəzasında erməni hərbi hissələri 122 kənd yandırıb, 60 kişi, qadın və uşağı qətlə yetirib, 53 nəfər isə yaralayıblar.
6 ildir ki, Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılan saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. Ermənistan indi terroru öz dövlət siyasətinin tərkib hissəsinə çevirib. 1918-ci il Mart qırğınları və törədilən digər soyqırımları zamanı yüz minlərlə azərbaycanlının qatili olmuş şəxslər bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə yüksəldilib, onların xatirəsinə abidə-komplekslər ucaldılıb.
Ümummilli lider Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan edilib. Artıq on beş ildir ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.
Bu günlərdə ABŞ-ın Nyu-Cersi ştatının Dövlət Assambleyası 31 mart - azərbaycanlıların soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə 1918-ci ilin martında on minlərlə dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrin insanlıq tarixində ən çox qınanılmalı vəhşiliklərdən olduğu vurğulanıb. Bu qətnaməyə əsasən, martın 31-i soyqırımına məruz qalan Azərbaycanlıların Anım Günü elan edilib.
Azərbaycan dünya ictimaiyyətinin, beynəlxalq qurumların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəyinə, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına ümüd edir.
Aygün