Rusiya açıq-aşkar Azərbaycanın daxili işlərinə qarışır - AÇIQLAMA
Əli Oruclu: “Azərbaycanda yaşayan etniklərin öz ölkəsinə bağlılıqları var, istənilən halda onların Rusiyanın təxribati qərarlarına gedəcəyi mümkünsüzdür”
28 Mart 2013 16:29 Siyasət"Rusiya zaman-zaman Azərbaycanda təxribatlar törədib və indiki məqamda da bu istiqamətdə açıq şəkildə səylərini davam etdirir. I Ermənistan-Azərbaycan müharibəsinin ssenarisi də Rusiyaya məxsusdur". AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu "OLAYLAR"a açıqlamasında belə deyib. Əli Oruclu qeyd edib ki, RF prezidentin səlahiyyətli nümayəndəsinin Azərbaycandakı etniklərlə bağlı bəyanatı da daxildə milli azlıqları ayağa qaldırmağa istiqamətlənib: "Rusiya dövlət rəsmisinin bu bəyanatı həm beynəlxalq hüquq konvensiyasına, həm də qonşuluq prinsiplərinə ziddir. Rusiya bu gün açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışır. Rusiya böyük səylə etnikləri azərilərlə qarşıdurma vəziyyətinə gətirmək istəyir. Lakin Azərbaycan bu sahədə tolerant dövlətdir. Kremlin etnik planının baş tutacağı inandırıcı deyil. Azərbaycanda yaşayan etniklərin öz ölkəsinə bağlılıqları var, istənilən halda onların Rusiyanın təxribati qərarlarına gedəcəyi mümkünsüzdür. Lakin Rusiya planlarının həyata keçirməsi üçün müxtəlif metodlara əl atacaq. Azərbaycan hakimiyyəti Kremlin bu cəhdlərini diqqətə almalıdır. Hər an bu istiqamətdə rus xüsusi xidmət orqanları təxribat addımları ata bilər". ("OLAYLAR" İA)