Azərbaycana qarşı fars-rus-erməni təxribatı - KÖŞƏ
28 Mart 2013 14:32 SiyasətElman Cəfərli
Ermənilər Şuşada Talış radiosu açıblar. Yayımlanan verilişlərin birində talış dinləyicisinə bəyan edilib ki, radio ermənilərin talışlara ərmağanıdır: "Azərbaycanda sənin ana dilinə zaman-zaman yasaqlar qoyurlar, biz isə öz doğma dilində sənə ürəyin və ruhun istəyən çeşidli proqramlar ərməğan edirik". Radioda deyilənə görə, talış dilində laylalar, mahnı və musiqilər səsləndirilir, Azərbaycan xəbərləri ermənilərin maraqlarına uyğun dəyişdirilərək efirə verilir. Şuşadan yayımlanan talış radiosunun Azərbaycanın avtoxton xalqlarından biri olan, Azərbaycan Respublikasını türklərlə bərabər qurmuş və qorumuş talış xalqına heç bir aidiyyatı yoxdur. Bu, Azərbaycan xalqına tarixi boyu xəyanət etmiş ermənilərin növbəti təxribatıdır. Ermənilərin talış xalqının dilinin qayğısına qalması o qədər gülünc iddiadır ki, mübahisəyə belə yer qalmır. Ermənistan Cənubi Qafqazda yeganə monoetnik dövlətidr. Burada ancaq xristian ermənilər və az sayda yezidi kürdlər yaşayır. Ermənistan müsəlman Azərbaycanın ərazilərinin 20 faizini işğal edib və talışların da etiqad etdiyi islam dininin müqəddəs ibadətxanalarını murdarlayıblar. Talışlar türklərlə Azərbaycanın Sovet imperiyasına qarşı müstəqillik hərəkatında və Qarabağ müharibəsində birgə iştirak edib, yüzlərlə şəhid veriblər. Talış xalqının minlərlə nümayəndəsi Azərbaycanın dövlət və ordu quruculuğunda, milli təhlükəsizliyin qorunmasında yaxından iştirak edib, bu gün də edirlər. Ermənilərin Azərbaycanın cənub bölgəsində, paytaxt Bakıda yaşayan talış xalqına hər hansı təsiri sıfra bərabər ehtimaldır. Ermənilərin oyununa bir neçə bədəsil separatçıdan başqa kimsə gəlməyəcək. Talış xalqının Azərbaycan dövlətindən narazılığı yoxdur. Əslində Azərbaycan da etnik problem mövcud deyil. Türklərlə yanaşı digər etnik azlıqların ana dilində yazıb-oxumaq hüququ var. Azərbaycan istər milli, istərsə də dini tolerantlığa görə, bütün bölgə dövlətlərə nümunədir. Ölkənin İctimai Televiziyasında etnik azlıqların dilində verilişlər yayımlanır, orta məktəblər üçün dərsliklər çap edilir, kürd, talış və digər dillərdə qəzet və jurnallar nəşr olunur.
Ermənilərin talış rasiosu açmaqda məqsədi talışların dilini, milli kimliyini qorumaq deyil, Azərbaycan daxilində daha bir münaqişə ocağı yaratmaq, təxribat törətməkdir. Bu, aydındır və düşmən bəlli olduğu üçün o qədər də narahatlıq doğurmur. Narahatlıq doğuran məqam erməni işğalı altında olan Şuşada açılan talış radiosunun arxasında dayanan güclərdir. Talış dili İran dilləri qrupuna daxildir. İranda talış məsələsi həmişə önəmli olub və İranda hakim molla rejimi bu kartdan Azərbaycana qarşı istifadə edib. Şimal qonşumuz Rusiya "talış kartı"ndan bir dəfə Azərbaycana qarşı istifadə edib, ancaq uğursuzluğa düçar olub. Rusiya paytaxtında talış araşdıma mərkəzləri fəaliyyətdədir. Pyotrun imperiya siyasətinə sadiq qalan Moskva bu gün də Azərbaycanda yaşayan azsaylı xalqlarla işləməkdə davam edir. Şuşada açılmış talış radiosunun fəaliyyətinə rəvac verənlərin arxasında İran və Rusiyanın silueti görünür. SSRİ-ni başqa adda bərpa etmək istəyən Rusiya imperiyadan qopmuş dövlətlərə təzyiqləri davam etdirir. Bu təzyiqlərdən biri də etniklər arasında mərkəzdənqaçma meyllərini qızışdırmaqdır. İranın "dərdi" daha böyükdür. Məlumdur ki, tarixi Azərbaycan torpaqlarının böyük hissəsi İran ərazisindədir. 35 milyonluq Güney Azərbaycan xalqı molla cildinə girmiş şovinist fars rejiminin zülmü altındadır. Azərbaycanlıların (başqa qeyri-farsların da) ana dilində təhsil, KİV nəşr etdirmək hüququ yoxdur. İran Güney Azərbaycan məsələsinin unudulması, gündəmdən çıxması üçün min bir fələk çənbərinə əl atır. Bunun üçün ilk növbədə Azərbaycan Respublikası zəif salınmalıdır. Qarabağ münaqişənin həllinə mane olunmalı, Ermənistan və Qarabağdakı separatçı rejimə hər cür dəstək verilməlidir. İran bütün bunları gah aşkar, gah da gizli yollarla edir.
Rusiya İranın Azərbaycana qarşı bütün növ təxribatlarına para və digər yardımı edir. İrəvanda vaxtaşırı keçirilən tarix üzrə elmi konfranslar, simpoziumlara gah Rusiya, gah da İran ideoloji, maddi dəstək verir. Şuşada açılmış talış radiosu heç şübhəsiz ki, Rusiya və İranın layihəsidir. Ermənilər Azərbaycana qarşı mübarizədə ortaq maraqları olan bu dövlətlərin əlində sadəcə oyuncaqdır.