Ombudsman 31 martla bağlı bəyanat verib
28 Mart 2013 13:41 Siyasət"Ermənistanın Azərbaycana qarşı təcavüzü dünya münaqişələri tarixində beynəlxalq hüquq normaları və aktlarının ən çox və kobud surətdə pozulması faktlarından olaraq zaman-zaman təkrarlanan bir əməldir. İki əsrdən çoxdur ki, erməni millətçiləri və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşib, soydaşlarımızın insan hüquqları kobudcasına, kütləvi surətdə pozulub". Bu fikirlər Ombudsman Elmira Süleymanovanın 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı bəyanatında səsləndirilrib. Bəyanatda mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçiləri və ideoloqlarının uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olduğu vurğulanır. "Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı qəddarlıqla öldürülüb, məscidlər, məktəb binaları yandırılib. Təkcə Quba qəzasında erməni hərbi hissələri 122 kənd yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetirmiş, 53 nəfər isə yaralanmışdı. Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu və onların xatirəsinə ehtiram əlaməti olaraq hazırda Quba soyqırımı muzeyi yaradılmaqdadır". Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.