“İnsanlar kimlərinsə əlində siyasi alət olmadan öz sosial problemlərini çözməyə daha həvəslidirlər” - Əli Oruclu
27 Mart 2013 16:21 Siyasət"Son illərin təcrübəsi göstərdi ki, cəmiyyət həqiqətən də müxalifət tərəfindən təşkil edilən aksiyalara elə də fəal qoşulmur, əksər hallarda seyrçi mövqedən yanaşır. Bunun da müxtəlif səbəbləri var". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu Demokratik Qüvvələrin Məşvərət Məclisinin kütləvi aksiyalar qərarına münasibət bildirərkən səsləndirib. Əli Oruclu bildirib ki, ayrı-ayrı müxalif qüvvələr zaman zaman cəmiyyətin, xüsusən da etirazçı elektoratın istəyini verə bilməyib, bundan məhdud maraqlar üçün sui-istifadə edib: " Odur ki, xalq kütlələri müxalifətə onun istəyini qabarda biləcəyinə və problemlərinə həll edəcək vəsilə olacağına həm inanmır, həm də etibar etmir. Qubada, İsmayıllıda və gənclərin paytaxta keçirdiyi etiraz aksiyaları bir daha sübut etdi ki, insanlar kimlərinsə əlində siyasi alət olmadan öz sosial problemlərini çözməyə daha həvəsli və inadkardırlar". AMİP rəsmisi hesab edir ki, təkcə Məşvərət Məclisinin deyil, İctimai Palata, ümumilikdə müxalifətin planlaşdırdığı aksiyalar hələ ki, kütləvi alınmayacaq: "Hətta hökumət tərəfindən sanksiyalaşdırılmış olsa belə. Lakin ictimai fəallığı artırma və siyasi hərarəti yüksəltmək üçün belə aksiyalar bir vasitə ola bilər. Ancaq bir şərtlə ki, bu uğurlu alına. Yoxsa əks-effekt doğuracaq". Əli Oruclu onu da deyib ki, aksiyaya qərar verilibsə, o keçirilməlidir.