Vladimir Putin Rusiyanın varlığını şübhə altına alır - AÇIQLAMA
Zəlimxan Məmmədli: “Vladimir Putinin istənilən imperialist layihəsi uğur qazanmayacaq”
27 Mart 2013 15:44 Siyasət"Rusiya siyasi aparatının müxtəlif metodlarla regionda Vahid Gömrük modeli, KTMT, Avrasiya İttifaqı yaratmaq fəlsəfəsində imperiya elementləri var. Təşkilata daxil olan subyektlərin inkişaf etdirilməsi nəzərdə tutulmur, əksinə daha çox ilhaq elementləri var". Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli RF Prezidenti Vladimir Putinin Vahid Gömrük İttifaqını yaratmaqda israrlı olması məsələsinə münasibət bildirirərkən belə deyib. Z.Məmmədlinin sözlərinə görə Rusiyanın siyasi təfəkkürcə yeniləşməsi, yəni dünyanın demokratiya oyunu ilə oyun qaydalarına qoşulması mühüm məsələdir: "İlk baxışda Vahid Gömrük İttifaqı dövlətlər arasında iqtisadi əlaqələrin qurulması, inkişafı, vahid gömrük siyasəti baxımından cazibəli görünür. Amma bu plan siyasi buxovların altındadır. Rusiya planı həyata keçirmək istəyirsə, siyasi buxovdan kənar, normal dövlətlərarası münasibətlər qurmaqla hər bir dövlətin inkişafını stimullaşdırmalıdır. Məhz Rusiyanın əleyhinə olan Qərb və ABŞ bu arqumentlərdən istifadə edirlər. Rusiyanın demokratikləşməsi MDB məkanında sülhün təməlidir. Rus hakimiyyəti Rusiyanın varlığını istəyirlərsə bu addımı atmağa məcburdur. Tam əminliklə demək mümkündür ki, Vladimir Putinin istənilən imperialist layihəsi uğur qazanmayacaq. MDB məkanında Rusiyaya yaxın olan dövlətlər formal olaraq həmin layihələrə imza atıblar. Amma bu həmin planların həyata keçməsi demək deyil. Çünki dünyanın idarəedici mexanizmləri Rusiyanın əlində deyil" ("OLAYLAR" İA)