Elçin Mirzəbəyli: “Onlar xarici xüsusi xidmət orqanlarının, erməni kəşfiyyatının diktəsi ilə hərəkət edirlər”

Əli Əhmədovun məqaləsinin üzə çıxardığı həqiqətlər

Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədovun özünün facebook səhifəsində paylaşdığı "Müxalifətin Ermənistan heyranlığı" adlı məqaləsi gündəm olub. İqtidar təmsilçisi açıq şəkildə ölkə daxilindəki, ən çox xaricdəki müxalifətin fəaliyyətindən narahatlığını ifadə edib.

Ə.Əhmədov müxalifətin fəaliyyətində Ermənistan faktorundan istifadə etdiyini bildirir. Bu taktikanın yeni olmadığını deyən iqtidar təmsilçisi 2005-ci ildə AXCP-nin Gənclər Komitəsinin sədri ilə bağlı baş verənləri xatırladır. Mühacir müxalifət barədə isə bunları yazır: "Mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın "demokratik", "tərəqqidə olan", "Azərbaycandan daha üstün" ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər.  Mühacir müxalifət internet TV-də Ermənistanın baş nazirinin daha "demokratik" obrazını yaratmaq məqsədilə Paşinyanın Dağlıq Qarabağa qeyri-qanuni səfəri zamanı keçmiş prezident Serj Sərkisyanın onu müşayiət etməsi milli birlik naminə atılan "möhtəşəm" jest kimi qiymətləndirilir. Lakin həmin jest sahibinin digər keçmiş prezident Köçaryanı həbsə atdırması barədə söhbət açılmır. Səbəbi isə çox sadədir: bu onların uydurduğu "demokratik, milli birliyi təmin olunmuş" Ermənistan obrazına, başqa sözlə desək, işğalçını tərifləmək taktikasına uyğun gəlmir.

Həmin TV kanallarında Ermənistanın "inkişaf edən, çiçəklənən" ölkə obrazında təqdim etmək naminə Əli Kərimlinin saxta rəqəmlər səsləndirməsini də deyilənlərə əlavə etsək, müxalifətin sözügedən qanadının əsl sifəti haqqında təsəvvürlər daha dolğun olar. Ancaq bizi narahat edən müxalifətin nə sifəti, nə də rəngidir. Narahatçılığımız mühacir müxalifətin öz çirkin təbliğatı ilə erməni dəyirmanına su tökməsindədir. Erməni tərəfi, heç şübhəsiz, həmişə olduğu kimi, Azərbaycan müxalifətinin Ermənistanı "demokratik", Azərbaycanı isə "qeyri-demokratik" ölkə kimi qələmə vermək cəhdlərindən Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istiqamətində apardıqları təbliğatında faydalanmağa çalışacaq.

Bizi narahat edən, bizdə müxalifətin həmin hərəkətinə qarşı ikrah hissi yaradan məhz budur. İmkan verilməməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistana heyranlığını gizlətməyən müxalifət və onun mühacir qanadı öz çirkin təbliğatı ilə ölkəmizin hörmət və nüfuzu üzərinə kölgə salsın, siyasi proseslərdə xarici qüvvələrin əlində təhlükəli alətə çevrilsin. Əminəm ki, Azərbaycan xalqı, milli ruhlu bütün siyasi qüvvələr xarici himayədarlar və pullar hesabına anti-Azərbaycan təbliğatı aparanlara, onların erməni heyranlığına vətəndaş həmrəyliyi, dövlət və dövlətçilik ətrafında daha sıx birləşməklə layiqli cavab verəcək".

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli Əli Əhmədovun məqaləsinin üzə çıxardığı həqiqətlərdən danışdı:"Əli Əhmədovun narahatlığı təbii qəbul olunmalıdır. Bunun üçün kifayət qədər əsaslar var. Söhbət təkcə Azərbaycan hakimiyyətinin ünvanına səsləndirilən aqressiv bəyanatlardan, qeyri-etik ifadələrdən, ölkənin daxili siyasətinə hesablanmış böhtan və yalanlardan getmir. Xaricdə məskunlaşan bir qrup küçə uşağı və onların tör-töküntüləri Azərbaycan dövlətini, onun konstitusion quruluşunu hədəfə alıblar. Bir çox hallarda onların fəaliyyətinin Ermənistanla, erməni diaporu və Azərbaycanda marağı olan xarici xüsusi xidmət orqanları ilə üst-üstə düşdüyü nəzərə çarpır. Əli Əhmədov da çox güman ki, bu məqamları nəzərdə tutur. Radikal düşərgənin xaricdə olan tör-töküntülərinin ölkəmizə qarşı apardıqları təbliğat kampaniyalarında Ermənistan faktorundan, həm də olduqca iyrənc bir şəkildə, Azərbaycan xalqını və dövlətini aşağılayaraq istifadə etmələri heç kimə sirr deyil. Təsadüfi deyil ki, onların paylaşımlarına ən böyük dəstək Ermənistanın xüsusi xidmət orqanları tərəfindən idarə olunan trollar tərəfindən verilir. Xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyi" barədə iddialarından sonra "fit müxalifəti"nin xaricdəki və daxildəki trollarının fəaliyyəti daha iyrənc və rəzil xarakter alıb. Onlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini şübhə altına alan fikirlər səsləndirirlər. Ermənistana xidmət etmək üçün bundan artıq daha nə lazımdır ki? Təəssüf ki, belələrinin sırasında vaxtilə Azərbaycanı xarici ölkələrdə, beynəlxalq təşkilatlarda təmsil edən, indiki fəaliyyətlərində xarici xüsusi xidmət orqanlarının izi qabarıq şəkildə nəzərə çarpan diplomatlar da var.

Onlardan biri diplomat kimi fəaliyyət göstərdiyi ölkədə təhsil alan azərbaycanlı tələbələrdən Azərbaycan əleyhinə təbliğat aparan ciddi maliyyə imkanlarına malik separatçıları ifşa etmək üçün dəstək istəyir, sonra isə həmin tələbələri elə həmin separatçılara şəxsi maraqlarının qarşılığında satır və onların öz təhsillərini başa vurmalarına ciddi maneələr yaranmasına səbəb olur. İndi bu psixologiyasında ciddi problemlərin olduğu şübhə doğurmayan adam özünü cəmiyyətə "milli adam" kimi sırımağa cəhd göstərir. Bu, təkcə mənim bildiyim onlarla faktdan biridir. İndi təsəvvür edin hakimiyyətin əlində nə qədər fakt, dəlil-sübut var. Avropada məskunlaşmış "söyüş terminatorları" adekvat insanlar deyil. Onların bizim bildiyimiz, təsəvvür etdiyimiz bir azərbaycanlı obrazında qəbul edilməsini də doğru hesab etmirəm. Onların fəaliyyətinə, davranışlarına, jest və mimikalarına, bütövlükdə psixoloji portretlərinə diqqət yetirəndə belə bir təəssürat yaranır ki, sanki hansısa psixitrop maddənin təsiri altına hərəkət edirlər. Onlar çoxdan xarici xüsusi xidmət orqanlarının, erməni kəşfiyyatının diktəsi ilə hərəkət edirlər".

Politoloq mühacir müxalifətçilərin Ermənistana getdiklərini də istisna etmir: "Siz təsəvvür edirsiniz ki, bir alman öz ordusunu, əsgər və zabitini məsxərəyə qoyur, yaxud bir fransız siyasi rəqiblərinin ünvanına söyüş və təhqirlə danışar? Xəyanətkar, satqın, vətən xaini hər yerdə eyni epitetlərlə, eyni hüquqı anlayışlar çərçivəsində dəyərləndirilir - Almaniya da, Fransa da, İngiltərədə də... Bu adamlarda intellekt, düşüncə deyilən heç nə yoxdur".yeni musavat

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31