Millət vəkilindən beynəlxalq təşkilatlara ismarıc
“Bizim xalq heç vaxt qara qüvvələrin arxasınca getməyəcək”
27 Mart 2013 15:35 Siyasət"Facebook"-un qadağan olunması və ya ondan istifadənin məhdudlaşdırılması təklifini dəstəkləmirəm. Əgər orqanizmə zərərli bir virus düşübsə, buna görə ümumilikdə həmin orqanizmi məhv etmirlər, sadəcə, virusun təmizlənməsinə çalışırlar, insanı müalicə edirlər". Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, "Facebook" və digər sosial şəbəkələr açıq olmalıdır: "İnsanların fəaliyyət, fikir ifadə etmə azadlıqları var və "Facebook"da bunun üçün gözəl vasitədir.Baş verənlərdə də "facebook"un heç bir günahı yoxdur. Günahı Milli Demokratiya İnstitutu kimi təşkilatların fəaliyyətində axtarmaq lazımdır. Biz bu cür təşkilatların zərərli fəaliyyətinə qarşı müqavimətimizi artırmalıyıq. İctimaiyyət bu cür məsələlərə qarşı mövqe ortaya qoymalıdır. Ən əsası isə Milli Demokratiya İnstitutunun özünün də gözləmədiyi bir hal yaşanmaqdadır. Bu qədər vəsait xərclənməsinə baxmayaraq, Azərbaycan gəncliyi onların arxasınca getmir". Millət vəkili əlavə edib ki, "əsgər ölümlərinə son" adı altında keçirilən 10 mart aksiyasında 20 mindən artıq şəxs iştirak edəcəyini bildirmişdi. Amma aksiyaya gələnlərin sayı 200 nəfərdən çox olmadı. Bu həm də o deməkdir ki, 2 milyon pulu boş-boşuna xərcləyiblər: "Belə görünür ki, Azərbaycan gəncləri onlara göstərilən yolla deyil, ürəklərinin səsinin dediyi yolla gedirlər. Sosial şəbəkələrdə aksiyalarda 20 min nəfərin iştirak edəcəyinin əks olunması bəlkə də təsadüfi olmayıb. Ola bilsin ki, mühasibat sənədlərində xərclənən pulun 20 min nəfəri küçələrə çıxarılacağı əksini tapıbmış. Milli Demokratiya İnstitutu da, Azərbaycanda sabitliyi pozmağa çalışan digər təşkilatlar da bilməlidirlər ki, Azərbaycan xalqını aldatmaq olmaz. Bizim xalq heç vaxt qara qüvvələrin arxasınca getməyəcək".