“Vəssalam” sözünü Azərbaycanın Silahlı Qüvvələri deyəcək
“Vəssalam” sözünü Azərbaycanın Silahlı Qüvvələri deyəcək
30 Avqust 2019 13:02 Siyasət"Qarabağ Ermənistandır, vəssalam" çağırışı Azərbaycanın ərazi bütövlüyünə qarşı rəsmi olaraq iddianın irəli sürülməsi və aşıq-aşkar müharibəyə təhrikdir. Ermənistanın baş naziri Nikol Paşinyan bu təxribatçı və destruktiv açıqlamalarla regionu yeni təhlükə və risklərlə üz-üzə qoyur. O, diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün vəziyyəti qəsdən gərginləşdirir". "Olaylar" xəbər verir ki, bu fikri deputat Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, Nikol Paşinyan hakimiyyətə gəldiyi 1 il müddətində heç bir ciddi bir iş görə bilmədiyi üçün erməni cəmiyyətini "xarici düşmən təhlükəsi" ətrafında birləşdirməyə çalışır. Dağlıq Qarabağ probleminə görə çıxılmaz vəziyyətə düşmüş N.Paşinyan Ermənistanda çürük və yalanlarla dolu anti-Azərbaycan təbliğat maşınını gücləndirir. Onun bildirdiyinə görə, ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addımlar atmır: "Minsk qrupu yalnız radikal hərəkətləri təxirə salmaq üçün danışdıqları bir platforma halına gətirib. Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə ciddi danışıqlar aparmaq əvəzinə Azərbaycanın səbrindən və münaqişənin dinc yolla həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikdən sui-istifadə edir. Ermənistan bütün mümkün vasitələrlə danışıqlar prosesini bloklayır, münaqişənin həlindən yayınır və işğalı, etnik təmizləmənin nəticələrini davam etdirmək, status-kvonu saxlamaq üçün vaxt qazanmağa çalışır.Paşinyanın bu açıqlamaları, ilk növbədə, BMT Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupuna və bu qrupun həmsədri olan ölkələrə münasibətdə sərgilənən hörmətsizlikdir və bu küçə siyasətçisinin cavabı da sözügedən qurum və ölkələr tərəfindən verilməlidir. Ermənistanın həm siyasi, həm də hərbi müstəvidə həyata keçirmək istədiyi bütün təxribatların qarşısı kəskin şəkildə alınacaq və "vəssalam" sözünü Azərbaycanın Silahlı Qüvvələri deyəcək".