“Bunu deyənlərin heç nədən düz-əməlli xəbərləri yoxdur”
“Bunu deyənlərin heç nədən düz-əməlli xəbərləri yoxdur”
30 Avqust 2019 12:56 SiyasətDeputat: "Bu sözləri kiminsə ağzından tutuquşu kimi götürüblər, boş-boş danışırlar"
"Bu adamlar Konstitusiyadan, qanunlardan xəbərsiz adamlardır. Parlamentə növbədənkənar seçkilər o vaxt keçirilə bilər ki, ya ali qanunverici orqanda hansısa bir qarşıdurma olsun, ya parlament ölkə rəhbərinin göndərdiyi sənədləri müzakirə edib, lazımi qaydada qərarlar qəbul edə bilməsin, ya da parlament öz səlahiyyətlərini yerinə yetirmək qabiliyyətində olmasın. Məhz bu vaxt növbədənkənar seçkini keçirmək zərurəti meydana çıxa bilər. Ancaq bu gün parlament yerindədirsə, işləyə bilirsə və müfəssəl, mükəmməl qanunlar hazırlamaq, qəbul etmək qabiliyyətinə malikdirsə, o parlamentə - bir il qalıb növbəti seçkilərə - növbədənkənar seçkilər keçirməyin nə adı var ki? Əlavə xərclərə, əlavə əziyyətə nə ehtiyac var, axı?" "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Tahir Rzayev son günlər sosial şəbəkələrdə yenidən ölkədə növbədənkənar parlament, hətta, prezident seçkilərinin keçilə biləcəyi ilə bağlı müzakirələrin açılmasına münasibətini bildirərkən deyib. Əlavə edib ki, bunu deyənlər, bu adamlar heç nəyi bilmirlər, heç nədən düz-əməlli xəbərləri yoxdur: "Bunlar bu sözləri kiminsə ağzından tutuquşu kimi götürüblər, əzbərləyiblər, boş-boş danışırlar ki, ay nə bilim, növbədənkənar prezident seçkiləri keçirilir, ay nə bilim, növbədənkənar parlament seçkiləri keçirilir.Niyə, axı? Buna əsasmı var? Əsas olmalıdır, ya yox? Ölkədə ya müəyyən xaos yaranmalıdır, ya idarəetmədə çox ciddi səhvlər özünü göstərməlidir, ya da ölkə idarə olunmamalıdır.O vaxt deyə bilərlər ki, parlament mütləq dəyişilməlidir, deputatlar yenidən seçilməlidir, yeni deputatlar gəlməlidirlər və idarəetmədə, qanun yaradıcılığında fəal iştirak etməlidirlər. Buna ehtiyac, əsas yoxdursa, o zaman növbədənkənar seçkilər kimə və nəyə lazımdır ki? Bunların hamısı boş söhbətlərdir. Adamları həyəcana gətirməkdən, müəyyən sensasiya yaratmaqdan ötrü bu fikirləri irəli sürürlər. Amma alınan, baş tutan cəhdlər deyil".